![]() |
|
|
|
|
||
|
|
||
|
|
Ön söz Başlanğıcı 19-cu əsrin ikinci yarısına təsadüf edən Azərbaycan mətbuatı ötən əsrin 80-ci illərinin sonlarında öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Ermənistanın Dağlıq Qarabağla bağlı Azərbaycana yönəlik ərazi iddialarına qarşı kütləvi və davamlı etiraz aksiyalarına başlayan xalqımız bütün Sovet respublikalarında onilliklər ərzində mövcud olan ictimai-siyasi süstlüyü ilk pozanlardan oldu – yüz minlərlə insanın qatıldığı böyük mitinqlər azad söz, kəskin və alternativ fikirlər üçün əsl tribunaya çevrildi. Bu ictimai-siyasi proseslər çox keçmədi ki, milli mətbuata da öz təsirini göstərdi. Tezliklə mətbuat aləmində daha çox «samizdat» kimi tanınan qeyri-leqal və yarımleqal qəzetlər, kitabçalar, jurnallar, vərəqələr və digər nəşrlər meydana çıxdı. O illəri Azərbaycan mətbuatının ikinci intibah dövrü kimi də qiymətləndirmək olar. Kifayət qədər qısa bir zaman kəsiyində onlarla, yüzlərlə çap məhsulu peyda oldu ki, mətbuatın az öncəki vəziyyətiylə müqayisədə bu proses əsl “bum” xarakteri daşıyırdı. Ən əsası o idi ki, həmin nəşrlər ölkədə baş verən hadisələri, bütövlükdə reallığı müxtəlif rakurslardan işıqlandırırdı. O zaman kağız üzərində təkcə Azərbaycan mətbuatının yox, həm də Azərbaycanın özünün tarixi yazılırdı. Bu nəşrlərin müəyyən hissəsi məzmun baxımından yüksək səviyyədə olmasa da, dövrün rəngarəngliyini, fikir müxtəlifliyini əks etdirmək baxımından indi də mühüm əhəmiyyət kəsb edir. “Samizdat”ların sayı çoxaldıqca onların buraxılışı ilə məşğul olan xüsusi nəşriyyatlar, mətbəələr də yaranmağa başladı. Həmin qurumlar elə də güclü maddi-texniki bazaya malik deyildi, cox güman ki, şərti olaraq bu cür adandırılırdılar. Hər halda “Turan”, “Qurtuluş”, “Vətən”, “Dirçəliş” nəşriyyatlarının, “Millət” mətbəəsinin və.s. hər biri tərəfindən bir neçə “samizdat“ın buraxılması göstərir ki, onların mövcudluğu “samizdat” jurnalistikanın inkişafına xeyli təkan verib. Azərbaycan mətbuatının həmin dövrdəki mənzərəsini özündə əks etdirəcək və qoruyub saxlayacaq “Müasir Mətbuat Tarixi Muzeyi”ni yaratmaq ideyası da ölkə tarixinin çox mühüm və zəngin bir dövrünü əhatə eləyən həmin nəşrləri toplamaq, tamamilə itib batmaqdan xilas etmək zərurətindən doğuldu. Xatırladaq ki, bu layihə “Açıq Cəmiyyət İnstitutu- Yardım Fondu”nun maliyyə dəstəyiylə həyata keçirilib və muzeyin Mətbuat Şurasına veriləcək binada yerləşməsi nəzərdə tutulub. Layihəni həyata keçirmək üçun üç istiqamətdə iş aparılıb: - ötən əsrin 80-ci illərində nəşr edilmiş çap məhsulları toplanıb; - toplanmış materiallar «Müasir Mətbuat Tarixi Muzeyi»ndə yerləşdirilmək üçün çeşidlənib; - “Samizdat”ların elektron və çap kataloqu hazırlanıb.
Toplanmış materiallar araşdırılarkən məlum
oldu ki, “camizdatlar” müxtəlif formatlardan istifadə olunmaqla (qəzetlərin
böyük əksəriyyəti A3, A4 formatlarında 4 səhifə, digər dərgilər isə müxtəlif
formatlarda və həcmdə) əsasən kiril əlifabası ilə nəşr edilib. Lakin
bugünkü reallıq nəzərə alınaraq muzey eksponatları Kataloqda latın
əlifbasındakı hərflərin ardıcıllığı ilə düzülüb. Eksponatlar 3 qrupa
bölünüb: a) qəzetlər, b)
ümumi şəkildə "dərgilər" adlandırdığımız bülleten, kitabça, jurnallar
və s., c) təbliğat
vərəqələri . Bəzi nəşrlərdə nəşr tarixi, bəzilərində müəlliflərin
kimliyi, bəzilərində isə, ümumiyyətlə, heç bir rekvizit
göstərilmədiyindən onların konkret nə vaxt, kim və ya hansı təşkilat
tərəfindən buraxıldığını müəyyənləşdirmək mümkün olmayıb. Kataloq haqqında irad və təklifləriniz olarsa, tərəddüd etmədən bizimlə əlaqə saxlayın.
P.S. Layihəni həyata keçirərkən ən böyük çətinlik "samizdat" nəşrlərin toplanması ilə bağlı olub. Təəssüf ki, vaxtilə əldən - ələ gəzən bu nəşrlərə rəsmi arxivlər və kitabxanalar maraq göstərməyib, oxucular isə onları heç də həmişə öz şəxsi arxivlərində qoruyub saxlamaq qayğısına qalmayıblar. Odur ki, bəzi nəşrlərin bütün saylarını, bəzilərinin isə, ümumiyyətlə, heç bir sayını hələlik tapmaq mümkün olmayıb. DİM bundan sonra öz imkanları hesabına bu layihəni davam etdirəcək, muzey fondunun genişləndirilməsinə çalışacaq. Əldə olunmuş hər bir yeni nəşr muzeyə veriləcək, onlar barəsində məlumatlar saytda yerləşdiriləcək və Kataloqun gələcəkdə çap olunacaq ikinci nəşrində öz əksini tapacaq. Ona görə də şəxsi arxivində belə nəşrlər olan oxuculardan, eləcə də vaxtilə həmin nəşrlərin buraxılması ilə məşğul olan şəxslərdən bu məsələdə bizə yardımçı olmalarını bir daha xahiş edirik.
P.P.S. Nəhayət, son olaraq mövcud nəşrlərin toplanmasında bizə yaxından kömək edən Nofəl Sadiq Əfəndiyə, Zərdüşt Əlizadəyə, Rauf Arifoğluna, Meydan Babayevə, Sabir Yanardağa Vidadi Həmidliyə, Səmid Daşdəmirova və digər şəxslərə DİM adından təşəkkürümü bildirirəm.
M.Cavadoğlu Layihənin rəhbəri E l a n Demokratik İslahatlar Mərkəzi “Açıq Cəmiyyət İnstitutu- Yardım Fondu”nun maliyyə dəstəyi ilə həyata keçirilən “Müasir Mətbuat Tarixi Muzeyi” layihəsi çərçivəsində 1988-1992-ci illərdə buraxılmış “samizdat” nəşrləri toplayır. Şəxsi arxivlərində həmin nəşrlərin nümunələrini saxlayan vətəndaşlardan bu işdə təşkilata yardım göstərmələri xahiş olunur.
Əlaqə vasitələri Telefon: 448 23 84, (050) 575 75 45. Email: dim-az@mail.ru
|
Bu səhifə Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun dəstəyi ilə yaradılıb |