|
“Azərbaycan Türk Millətçiləri təşkilatının
bəyanatı” Bəyanat 1991-ci il may
ayında verilib. Bəyanatda Azərbaycan milli- azadlıq hərəkatındakı siyasi
durum və imperiyanın təxribatı nəticəsində milli- azadlıq hərəkatının
aparıcı təşkilatlarının iflic vəziyyətə düşməsindən narahatlıq ifadə
olunur. Hərəkatın uğurunu türk millətçiliyi xəttində görən bəyanat
müəllifləri vəziyyətdən çıxış yolu kimi türkçü qüvvələrin fövqəl bir
təşkilatda birləşməsini təklif edirlər.
“Azərbaycan Dirçəliş Partiyasının məramnamə və
nizamnaməsi”- 1989-cu ildə,
“Dirçəlməli! Bəsdir daha Bu zillət! Zülmət!” şüarı ilə çap edilib.
Partiyanın məramnamə və nizamnaməsindən başqa dərgidə ADP-yə qəbul və
digər məsələlər haqqında məlumatlar da verilib.
“Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin
deputatlara müraciətinin mətni”
Müraciət Az.SSR Ali Sovetinin 12 sentyabr 1989-cu ildə keçiriləcək
sessiyasında respublikanın suverenliyi məsələsinin müzakirəsi ilə
əlaqədardır. Müraciətdə sessiyanın gündəliyi və qəbul ediləcək qətnamə
layihələrinin ictimaiyyətin diqqətinə çatdırılması, eləcə də AXC-nin
Azərbaycanın siyasi və iqtisadi severenliyi ilə bağlı proqramının da
sessiyada müzakirəyə çıxarılması tələb olunub.
“AXC İdarə Heyətinin Azərbaycan xalqına
müraciətinin mətni” Müraciət 14 iyun
1990-cı ildə qəbul edilib. Müraciətdə mərkəzi hakimiyyətin Qafqaz
respublikalarına qarşı apardığı ayrı-seçkilik siyasəti, AXC-nin
etirazlarına baxmayaraq DQMV-də xüsusi idarəçilik üsulunun tətbiq
olunmasına Azərbaycan hakimiyyəti tərəfindən razılıq verilməsi
Azərbaycanın suverenliyinə yönəlmiş addım kimi dəyərləndirilib və
sərhədlərimizin təcavüzdən qorunması üçün müdafiə dəstələrinin
yaradılması məqsədəuyğun hesab edilib. Müraciətdə həmçinin ittifaq
daxilində hərbi xidmətdə olan əsgərlərimizin geri qaytarılması, xalq
hərəkatının fəallarına qarşı təqiblərə son qoyulması və AXC-nin normal
fəaliyyətinə şərait yaradılması, Bakıda qanunsuz fövqəladə vəziyyət
rejiminin ləğv edilməsi və Ermənistanın Azərbaycana qarşı təcavüzünə son
qoyulmayacağı təqdirdə bu respublika ilə bütün iqtisadi əlaqələrin
kəsilməsi tələb olunub.
“Azərbaycan SSR Elmlər Akademiyası üzvlərinin
SSRİ Xalq Deputatlarına müraciəti”.
Müraciət 1989-cu ilin sentyabrında rus dilində yayılıb.
Müraciətdə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və onun
ətrafında cərəyan edən separatizm meyllərindən ciddi narahatlıq ifadə
olunur.
Azərbaycan Könüllü Müdafiə Birliyinin
Azərbaycan KP MK-nın Birinci katibi Ə. Vəzirova açıq məktubu.
Açıq məktub 21 avqust 1988-ci ildə AKMB-nin
üzvləri Şamil Saleh, Yanardağ, Xəlil Rza, Mikayıl Mirzə, Əbülfəz Əliyev,
İsmayıl Tariqpeyma, Elməddin Əlibəyzadə və Elşənin imzası ilə yayılıb.
Məktubda Sovet imperiyasının 70 il ərzində
Azərbaycana qarşı həyata keçirdiyi müstəmləkəçilik siyasəti və bu
siyasətin ayrı-ayrı sahələrə, xüsusilə milli-mənəvi, eləcə də dini
dəyərlərə vurduğu zərbələr haqqında geniş şərh verilib. Tarixi
hadisələrə yanaşmalarda bir sıra obyektiv məqamlar olsa da, məktub o
dövrün ab-havasına uyğun olaraq bir qədər emosional dildə yazılıb.
Azərbaycan Vahid Milli Cəbhənin üzvləri Hikmət
Ələfsər, Nəsib Mirsaleh və Yanardağın Azərbaycan Respublikasının
prezidenti A. Mütəllibova müraciəti.
Müraciət 15 noyabr 1991-ci ildə yayılıb. Müraciətdə
milli-azadlıq hərəkatının göstərilən tarixə kimi olan dövrü təhlil
edilib. Rus imperiyasının Azərbaycana qarşı həyata keçirdiyi müstəmləkəçilik
siyasəti və bu siyasətin dolayısı yolla da olsa, Azərbaycan hakimiyyəti
tərəfindən dəstəklənməsi, eləcə də Dağlıq Qarabağ problemi ilə bağlı A.
Mütəllibovun tutduğu təslimçi mövqe kəskin tənqid edilib və sonda onun
istefası tələb olunub.
Azərbaycan – Vahid Milli Cəbhənin üzvləri
Yanardağ, Hikmət Ələfsər və Nəsib Mirsalehin Azərbaycan Respublikası Ali
Sovetinin Minsk Əməkdaşlıq Paktına, bütün müstəqil suveren
respublikalara və demokratik qüvvələrə müraciəti
Müraciət 14 dekabr 1991-ci ildə yayılıb.
Müraciətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə nail olmaq
üçün imperiyanın çox böyük iqtisadi, maddi , hərbi potensialının faktiki
varisi olan Minsk paktının təsisçiləri Rusiya, Belorus və Ukrayna ilə
bərabərhüquqlu əməkdaşlığın vacibliyi vurğulanıb və Azərbaycan
Respublikası Ali Sovetindən bu istiqamətdə əməli addımlar atmaq tələb
olunub.
“İstiqlal” qəzetinin xüsusi buraxılışı".
Sosial-Demokrat partiyasının orqanı olan "İstiqlal" qəzetinin xüsusi
buraxılışı kimi rus dilində yayılmış vərəqədə Sovet İttifaqınakı bütün
partiyalara, ictimai təşkilatlara, eləcə də sovet xalqlarına Sosial
Demokrat, Liberal Demokrat, Milli Demoktrat, Cümhuriyyət, Milli
Qurtuluş partiyaları, “Dədə Günəş” Hərəkatı və Bakı İncəsənət
Mərkəzinin müraciəti öz əksini tapıb. Vərəqə 1990-cı ilin mart ayında
rus dilində buraxılıb. Müraciətdə bildirilir ki, Litva xalqının öz
müstəqilliyini elan etməsindən sonra ölkədə yeni tarixi dövr başlayıb.
Bu tarixi dövrü ittifaq dövlətinin dinc yolla dağılması dövrü kimi
dəyərləndirən müraciət müəllifləri bütün SSRİ xalqlarının demokratik
qüvvələrini mərkəzi hakimiyyətə qarşı vahid tələblərlə çıxış etməyə
çağırıblar. Sənəddə Litva Respublikasına qarşı müxtəlif iddialar irəli
sürən imperiya qüvvələrinin mövqeyi pislənilib. Müraciətin sonunda
müstəqil Litva respublikası ilə həmrəylik ifadə olunur və bütün sovet
respublikalarının demokratik qüvvələrinə bir-birilərinə qarşı ərazi,
maliyyə və digər iddialarla çıxış etməmələri tövsiyyə olunub.
"Hamının bilməsi
lazım olan məlumatlar" Müraciətin
müəllifi Eloğlu adlı bir şəxsdir. 1989-cu ildə yayıldığı ehtimal olunur.
Müraciətdə Rusiyanın müstəmləkəçilik siyasətini kəskin şəkildə tənqid
edən müəllif 70 illik kommunist ideologiyasının Azərbaycanın
milli-mənəvi dəyərlərinə vurduğu zərbələri geniş şəkildə təhlil edib və
millətin dirçəlişi üçün milli ideologiyanın , mükəmməl milli-siyasi
sisteminin və mübarizəyə başçılıq etmək iqtidarında olan partiyanın
yaradılmasını başlıca şərt kimi irəli sürüb.
“S. Rüstəmxanlı, İ. Şıxlı və Y. Səmədoğlunun
Azərbaycan xalqına, respublikanın bütün vətəndaşlarına müraciətinin
mətni”. 23 iyun 1989-cu ildə yayılmış
müraciətdə yenidənqurma, aşkarlıq və demokratikləşmə prosesinə mane olan
bürokratik aparatın köhnə imtiyazlarını hər vasitə ilə qorumaq üçün
ölkədə və xaricdə yaşayan əlaltılarının ciddi dəstəyi ilə Zaqafqaziyada
süni “Dağlıq Qarabağ” problemi yaratması kəskin tənqid olunub. Daha
sonra müraciət müəllifləri erməni millətçilərinin ölkəmizin ərazi
bütövlüyü əleyhinə yönəlmiş təcavüzünü dəf etmək üçün xalqı AXC
ətrafında birliyə çağırıblar.
“Ümid” Demokratik Gənclər Təşkilatının
proqramı. Proqramda təşkilatın
qarşısında duran əsas vəzifələr, eləcə də “Ümid” DGT-nin nizamnaməsi
dərc olunub. Bundan əlavə proqramda təşkilatın komsomola münasibəti,
özünütəsdiq haqqında qəbul etdiyi qətnamələr, Ordubad DGT-nin Cənubi
Azərbaycanda və eləcə də dünyada yaşayan həmyaşıdlarına müraciətləri öz
əksini tapıb.
|