![]() |
Qəzetlər |
|
|
|
||
|
|
||
|
“Ağdam” AXC Ağdam rayon şöbəsinin orqanı olub. 1990-cı ildə, “Haqqın yoludur tutduğumuz yol!” şüarı ilə nəşr edilib. Redaktoru T. Dədəbəyli olub. Qəzetdə əsasən Azərbaycan Xalq Cəbhəsi Ağdam rayon şöbəsinin fəaliyyəti, Azərbaycanda və regionda baş verən ictimai –siyasi proseslər işıqlandırılıb. Qəzetin 1990-cı ilin aprel ayında buraxılmış 3-cü sayında verilmiş və Gürcüstanın müstəqillik uğrunda apardığı mübarizə zamanı yaşadığı 9 aprel (1989-cu il) faciəsinin ildönümünə həsr olunmuş məqalədə Sovet imperiyasının işğalçılıq siyasətindən danışılır. “Dağlıq Qarabağ ərazisində yerləşən rayonlardan ilginc xəbərlər”, “Satira guşəsi”, “Çürüməkdə” olan kapitalizm dünyasından xəbərlər” rubrikaları altında dərc edilən yazılar da maraqla oxunur.
“Axın” qəzeti Azərbaycan Xalq Cəbhəsi Elmlər Akademiyası şöbəsinin orqanı olub. Redaktoru və müəllifləri haqqında heç bir məlumat verilməyib. İlk sayı “El gücü-sel gücü!” şüarı ilə 1990-cı ilin yanvarında işıq üzü görüb. Qəzetin birinci sayında Cəfər Cabbarlının “Azərbaycan bayrağına” şeri dərc edilib. Elə həmin sayda “Yolumuz Ataturk yoludur”, “Ermənilərə xitab”, “İki xalqın bir dərdi”, “Qanlı yanvar günləri” adlı müxtəlif səpkili maraqlı yazılara yer verilib. Tirajı 15.000 nüsxə göstərilib.
“Allahu-Əkbər” Azərbaycan Milli Demokrat Partiyası -“Yeni Müsavat”–ın buraxılışı olub. 1989-cu ildə nəşr olunduğu ehtimal edilir. Buraxılışda ötən əsrin əvvəllərində Hacı Mir Ağası Mir Möhsünzadə və Axund Yusif Talıbzadə tərəfindən yazılmış “Şəriət təlimi” kitabı oxuculara təqdim olunub.
“Birlik” qəzeti Birlik Partiyasının orqanı olub. 1990-cı ildə “Güc birlikdədir!” şüarı ilə çapdan çıxıb. Qəzetin, orqanı olduğu təşkilatın adları latın, şüarı isə latın və ərəb qrafikaları ilə verilib. İlk sayda qəzetin redaktoru Cümşüd Türkelli “Birlik” qəzetinin yaranmasını zəruri edən başlıca tarixi məqamlar və qəzetin üzərinə götürdüyü əsas missiya- türk dünyasının birliyi ilə bağlı fikir və düşüncələrini oxucularla bölüşüb. Əsasən türkçülüklə bağlı materiallara üstünlük verilib. E. Əlibəyzadənin “Müqəddəs türk torpağı-Ana Vətən” məqaləsi bu baxımdan xüsusi diqqətə layiqdir. Türk dünyasının əzəli torpaqları, sərhədləri ilə bağlı əcnəbi tarixçilərin tədqiqatlarına istinad edən müəllif 1-ci Pyotrun türkdilli xalqlara qarşı apardığı işğalçılıq siyasəti haqqında tarixi həqiqətlərə aydınlıq gətirir. Qəzetdə Almas İldırımın “Qara dastan” şeri dərc edilib. Şerdə rus imperiyasının türk xalqlarını söykökündən ayırmaq siyasəti poetik dillə ifadə olunur. Qəzet ölkədəki siyasi proseslərə də yer ayırıb. Xüsusilə keçirilməsi nəzərdə tutulan parlament seçkiləri müxtəlif aspektlərdən təhlil olunub.
“Bizim şərh” 18 may 1990-cı ildə nəşr olunub. Kim və ya hansı təşkilat tərəfindən buraxılması haqqında heç bir məlumat verilmir. AXC İdarə Heyətinin Respublika Məşvərət Şurasının 17.05. 1990-cı il tarixli məlumatı haqqında verdiyi bəyanat, eləcə də Azərbaycan SSR Ali Sovetinin 11-ci sessiyasında AKP MK-nın 1-ci katibi A. Mütəllibovun prezident seçilməsi ilə bağlı AXC İdarə Heyətinin üzvləri İ. Qəmbərov, P. Hüseynov və H. Hacızadənin rəyləri dərc edilib. Qəzetdə ermənilərin Dağlıq Qarabağ və Ermənistanla sərhəddə yerləşən rayonlara hücumları və törətdikləri vəhşiliklərlə bağlı yazılara da yer verilib. Qəzetdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına, prezident A. Mütəllibova, DTK sədri İ. Hüseynova, respublika prokuroru İ. Qayıbova və bütün deputatlara Vahid Milli Cəbhəyə Çağırış qrupu tərəfindən müraciət ünvanlanıb. Müraciətdə Azərbaycan hakimiyyətinin İttifaq müqaviləsini qəbul etməsi qətiyyətlə pislənilir və bu addım Azərbaycanın suverenliyinə edilən qəsd kimi dəyərləndirilir.
“Çeşmə” satirik qəzeti 1991-ci ilin aprelin 1-də nəşrə başlayıb. Müstəqil qəzetdir. Redaktoru Ayaz Əhmədov olub. Qəzetin ilk sayının dünyada “Gülüş günü” kimi qəbul edilən 1 apreldə çapdan çıxması mətbu orqanın satirik mahiyyəti ilə bağlıdır. “Dama-dama göl olar, yağa-yağa sel” şüarı ilə nəşr edilib. Qəzet 1992-ci ildə - Ə. Elçibəyin hakimiyyəti dövründə qeydiyyatdan keçib və leqal şəkildə fəaliyyət göstərib. 1993-cü ildən sonra isə yenidən qeyri-leqal şəkildə nəşrini davam etdirib. 1994-cü ildə mətbu orqanın redaktoru və nəşrinə kömək edən şəxslər həbs olunub və qəzetin fəaliyyəti birdəfəlik dayanıb. “Çeşmə”ni hardasa öz dəst xətti və üslubuna görə “Molla Nəsrəddin” jurnalının davamçısı saymaq olar. Ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərn neqativ cəhətləri satirik və yumoristik yazıların, şerlərin, karikatura və şarjların əsas hədəfi olub. Qəzetdə daha çox siyasi xarakterli lətifələrə üstünlük verilib. Burada həm iqtidar, həm də müxalifət təmsilciləri eyni dərəcədə tənqid hədəfindədirlər. Qəzet maraqlı rubrikalarla zəngindir. “Bambılı servis”in xəbərlər bülletenində siyasi məlumatlar üstünlük təşkil etsə də, ictimai hadisələr, dünyada baş verən olaylar lakonik üslubda, qısa xəbərlər şəklində oxucuların diqqətinə çatdırılıb. Qəzetdə hakimiyyət təmsilcilərinin tutduğu siyasi xətt xüsusilə kəskin şəkildə tənqid olunaraq gülüş hədəfinə çevrilib. Qarabağ məsələsi, müxtəlif hakimiyyətlərin bu problemi siyasi alver predmetinə çevirmək cəhdləri “Çeşmə”nin əsas satira hədəflərindəndir. Məşhur Bişkek protokolunun “Peşkəş protokolu” kimi təqdim edilməsini bunun bariz nümunəsi saymaq olar. Ölkə mətbuatının durumu, onun iqtidar və müxalifət cəbhəsinə bölünməsi, bəzi tanınmış yazarların xalqa zidd mövqeyi də “Çeşmə”nin daimi tənqid hədəflərindən idi.
Dirçəliş” qəzeti Azərbaycanda ilk “samizdat” nəşr (AXC-nin bülletenindən 1 gün əvvəl cıxıb) olub. Azərbaycan Dirçəliş Partiyasının orqanı kimi fəaliyyət göstərib. 1989-cu ildə “Dirçəlməli! Bəsdir daha bu zilləti zülmət” şüarı ilə əvvəl “Dönüş” mətbəəsində , daha sonra “Dirçəliş” nəşriyyatında çapdan çıxıb. Baş redaktoru Odər Xəzər (Azər Qasımzadə)olub. Qəzetdə ADP-nin rəsmi sənəd və müraciətləri, ölkədə və dünyada baş verən son olaylar, eləcə də Azərbaycan tarixi, xüsusilə 20-ci əsrin əvvəllərindəki ictimai-siyasi proseslərlə bağlı həqiqətləri əks etdirən sənədlər, mətbuat tariximizdən səhifələr öz əksini tapıb. Qəzetdə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbəri M. Ə. Rəsulzadənin həmin dövr üçün aktual olan əsərlərindən seçmələr, habelə yenidənqurma siyasəti ilə bağlı dünya mətbuatında gedən yazılar, demokratiya, demokratik cəmiyyət quruculuğu ilə bağlı fikir və mülahizələrə də yer verilib. “Dirçəliş”də ermənilərin işğalçılıq siyasəti və “20 Yanvar” faciəsi ilə bağlı araşdırma və analitik yazılar da oxucuların diqqətinə çatdırılıb. siyasi xarakterli şarj və karikaturalar da dərc edilib.
“Ədalət” qəzeti “Ədalət” Birliyinin orqanı olub və 1990-cı ildə “Dirçəliş” nəşriyyatında “Azad, müstəqil Azərbaycan uğrunda!” şüarı ilə çapdan çıxıb. Redaktorunun kimliyi haqqında məlumat verilməyib. Qəzet ölkədə cərəyan edən siyasi proseslərə daha çox yer verib. Bundan əlavə istiqlal tariximiz haqqında məlumatlar, milli münasibətlər, eləcə də Azərbaycanla bağlı rus mətbuatında gedən yazılardan seçmələr də dərc olunub. Mətbu orqanda nəşr edilən satirik məqalələr də maraq doğurur.
«Ýõî ñâîáîäû» “Azad söz” qəzetinin əlavəsi kimi çıxan bu qəzet Xalq Azadlıq Partiyasının orqanı olub. 1990-cı ildə rus dilində nəşr edilib. Qəzetin saylarından birində 17 Noyabr Xalq Hərəkatının ildönümü ilə bağlı partiyanın xalqa müraciəti verilib. “20 Yanvar” şəhidləri “rekviyem”lə xatırlanıb və milli-azadlıq hərəkatından “20 Yanvar” faciəsinə kimi olan dövr Yunus Oğuz tərəfindən təhlil edilib. Sözügedən sayda həmçinin Azərbaycan SSR prezidenti A. Mütəllibovun “Bakinskiy raboçiy” qəzetinə verdiyi müsahibənin çıxarışı “Qəmli müsahibə” adı ilə oxuculara təqdim olunub. Qəzetdə XAP-ın bəyanatları, siyasi lətifə və şerlərə də yer verilib.
“FV-ÇP” (“Fövqəladə Vəziyyət – Çrezvıçaynoye Polojeniye”) qəzeti Azərbaycan Xalq Cəbhəsinin orqanı olub. 1990-cı il fevral ayından “El gücü, sel gücü!” şüarı ilə nəşrə balayıb. Bakıda nəşr olunub. Amma həmin dövrdə təqib və repressiyalar total xarakter daşıdığı üçün konspirasiya məqsədilə rekvizitdə onun bəzi nömrələrinin guya Dərbənddə, bəzi nömrələrinin isə Tiflisdə nəşr edildiyi göstərilib. Qəzetin redaktoru Asəf(Ağamalı Sadiq Əfəndi) olub. Dərginin araya-ərsəyə gəlməsində tanınmış qələm sahibləri Mehman Cavadoğlunun, Səfər Alışarlının, Azər Əbilbəylinin də mühüm rolu olub. Qəzet “20 Yanvar” faciəsindən sonra çap edilib. Məlumdur ki, “20 Yanvar” faciəsindən sonra ölkədə fövqəladə vəziyyət hökm sürürdü. Azərbaycan televiziyasının enerji bloku partladılmış, rəsmi dövlət qəzetlərində isə (“Azərbaycan” nəşriyyatının işçilərinin tətil etməsi səbəbindən bu qəzetlər də bir müddət, ümumiyyətlə, çıxmadı) yalnız mərkəzi hakimiyyətin ciddi senzurasından keçən xəbərlər dərc edilirdi (“Kommunist” qəzetinin əlavəsi olan “Səhər”in faciəyə həsr edilmiş xüsusi buraxılışı istisnadır). Müstəqil və müxalif mətbuat orqanlarının(“Azadlıq”, “Azərbaycan”) fəaliyyəti rəsmi və faktiki olaraq dayandırılmışdı. Bir neçəsi istisna olmaqla digər “samizdat”ların nəşri də dayanmışdı. Ölkə tam informasiya blokadasında idi. AXC öz mübarizəsini qeyri-leqal formada davam etdirirdi. Belə bir ağır şəraitdə informasiya blokadasını dağıtmaq missiyasını öz üzərinə götürən “FV-ÇP” ölkədəki mövcud siyasi durum, AXC-nin fəaliyyəti , “20 Yanvar” faciəsi haqqında əhaliyə informasiyalar çatdırırdı. Qəzetdə AXC-nin xalqa müraciətləri, qəbul etdiyi qərarlar, təşkilatın yığıncaq və konfranslarından geniş informasiyalar da öz əksini tapıb. “FV-ÇP”-nin ən çox toxunduğu mövzu rus imperiyasının Azərbaycanda xalq hərəkatını boğmaq üçün törətdiyi “20 Yanvar” faciəsi ilə bağlı idi. Qəzetdə bu qırğının baş vermə səbəbləri, faciənin dərsləri, “20 Yanvar”a siyasi qiymət verilməsi, habelə rus qoşunlarının ölkədən çıxarılmasının zəruriliyi , ölkədəki siyasi tətillər haqqında geniş yazılar dərc olunub. “FV-ÇP”-də həmçinin imperiya daxilində cərəyan edən proseslərlə bağlı yazılara da yer verilib. Bu kontekstdə daha çox milli münaqişələrin yaranması və burada imperiyanın apardığı siyasətin əsl mahiyyəti, eləcə də demokratik proseslərdə yaxından iştirak edən ziyalılarla müsahibələr oxucuların diqqətinə çatdırılıb. Qəzetdə cəbhə bölgələrindən xəbərlər, AXC fəallarına qarşı aparılan təzyiq və repressiyalar haqqında məlumatlar da öz əksini tapıb. Analitik yazılar sırasında A.S. Əfəndinin “AKP, AXC və Moskvanın dirsəyi” məqaləsi ö dövrün siyasi həyatında cərəyan edən proseslərin təhlili baxımından xüsusilə diqqətəlayiqdir. Məqalədə “20 Yanvar”dan sonra cəmiyyətin həm AKP, həm də AXC-yə mınasibəti, AXC ləğv ediləcəyi təqdirdə Azərbaycanın sonrakı taleyi və mərkəzi hakimiyyətin AKP-yə münasibəti, eləcə də toplumun yeni təfəkkür və demokratik özünüdərk problemi ilə bağlı müəllifin fikir və düşüncələri öz əksini tapıb. Bundan başqa AXC İdarə Heyətinin üzvü Pənah Hüseynovun “Yanvar hadisələrinin dərsləri” silsilə məqaləsində “20 Yanvar” faciəsində AXC-nin məsuliyyəti və onu şərtləndirən daxili və xarici amillər hərtərəfli təhlil olunub. Qəzetdə həmçinin şəhidlər haqqında məlumatlar verilib, rus qoşunlarının vəhşiliklərini əks etdirən foto şəkillər dərc olunub.
“Girdiman” qəzeti AXC İsmayıllı Rayon Şöbəsinin orqanı olub. Redaktorunun kimliyi haqqında məlumat verilməyib. 1990-cı ildə “İnsanlara hürriyyət, millətlərə istiqlal!” şüarı ilə çapdan çıxıb. Qəzetdə daha çox analitik yazılara üstünlük verilib. O dövr üçün aktual olan milli məsələ ilə bağlı yazıda kapitalizm və sosializmdə millətin mahiyyəti və məzmunu nəzəri cəhətdən analiz olunub. “20 Yanvar” qırğınında islam faktoru ilə bağlı məqalə də maraqlı yazılardan sayıla bilər. Qəzetdə Kommunist Partiyasına, onun mahiyyəti və iflasına həsr olunmuş yazılara da rast gəlmək olur. Bu tip yazıların əksəriyyəti əsasən satirik janrda yazılıb. Bundan başqa şəhidlərə həsr olunmuş şerlər də dərc edilib.
“Haqqın səsi” qəzeti AXC Göyçay rayon şöbəsinin orqanı olub. Redaktorunun kimliyi haqqında məlumat verilməyib. 1990-cı ildə “Millət yoludur, haqq yoludur tutduğumuz yol!, Ey haqq yaşa! Ey sevgili millət, yaşa, var ol!” şüarı ilə çapdan çıxıb. Qəzetdə AXC liderlərinin həbsinə etiraz olaraq AXC İdarə Heyətinin üzvləri İ. Qəmbərov və Pənah Hüseynovun keçirdiyi aclıq aksiyası və onun detalları geniş şəkildə işıqlandırılıb. Qəzet həmçinin seçiciləri parlament seçkilərində fəallığa çağırıb. Qəzetin 2-ci sayında AXC Məclisinin 24-25 mart 1990-cı ildə Ağstafada keçirilmiş yığıncağından geniş reportaj dərc olunub. Bundan başqa SSRİ respublikalarındakı olaylarla bağlı məlumatlara da yer verilib. Qəzetin “Satirik qələmlə” rubrikasında da kifayət qədər maraqlı materiallar var.
“Hasıllı” qəzeti AXC Cəlilabad rayon şöbəsinin orqanı olub. 1991-cı ildə nəşr edilib. Redaktorunun kimliyi haqqında məlumat verilməyib. Qəzet materiallarının böyük əksəriyyəti ictimai-siyasi və milli problemlərə həsr ounub. Bu baxımdan 2-ci sayda dərc olunmuş “Milli Birlik” yazısı xüsusi maraq kəsb edir. Məqalədə cəmiyyətdə gedən təbəqələşmənin sinfi xarakter almasından ciddi narahatlıq ifadə olunub və bu təhlükəli həddən ən optimal çıxış yolu kimi milli birliyə nail olmaq məsələsi gündəmə gətirilib. Qəzet vətənpərvərlik mövzularına da kifayət qədər yer ayırıb. Qəzetdə AXC rayon təşkilatının fəaliyyəti bağlı məlumatlara da yer verilib.
“İstiqlal” qəzeti Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri Leyla Yunusova və Zərdüşt Əlizadənin bu təşkilatın sıralarından ayrıldıqdan sonra yaratdıqları Sosial-Demokrat Partiyasının orqanı olub.İlk nömrəsi 1990-cı ilin yanvar ayında “İstiqlaliyyət, Azadlıq, Humanizm” şüarı ilə işıq üzü görüb. Qəzet Azərbaycan dilində çıxsa da, rus dilində də materiallara geniş yer verilib. Redaktoru Zərdüşt Əlizadə olub. “İstiqlal” qəzeti Azərbaycanın ictimai-siyasi həyatının çox həssas bir dönəmində - “20 Yanvar” faciəsindən bir neçə gün sonra buraxılmağa başlayıb. Bu da həmin dövr üçün qəzetin əhəmiyyətini daha da artırıb. Çünki yuxarıda qeyd etdiyimiz kimi o vaxt Azərbaycan xalqı faktiki informasiya blokadası şəraitində yaşayırdı. Azərbaycan televiziyasının enerji bloku rus hərbçiləri tərəfindən partladıldığına görə televiziya işləmirdi, “Azərbaycan ” nəşriyyatının işçiləri tətil etdiklərinə görə rəsmi qəzetlər çıxmırdı. “Samizdat”ların əksəriyyəti fəaliyyətini dayandırmışdı. Əhali yalnız radio və təbii ki, məhdud tirajla yayımlanan bir neçə “samizdat” vasitəsilə informasiya alırdı. “İstiqlal”ın belə bir vaxtda fəaliyyətə başlaması informasiya blokadasının aradan qaldırılması baxımından da önəmli idi. Təsadüfi deyil ki qəzetdə “20 Yanvar” hadisələri ilə bağlı həm informasiya və informasiya xarakterli yazılar, həm də geniş təhlili materiallar üstünlük təşkil edib. Bundan əlavə, “İstiqlal”ın səhifələrində SSRİ-də baş verən ictimai-siyasi proseslərə də geniş yer ayrılıb. Xüsusilə, Baltikyanı ölkələrdə baş verən proseslər daim diqqət mərkəzində saxlanılıb, birbaşa ilk qaynaqlara istinad edilən məlumatlar dərc edilib. Zərdüşt Əlizadə, Leyla Yunusova, Fərda Əsədov, Rüstəm Seyidov, Fəxrəddin Ağayev qəzetin daimi müəllifləri olublar. Bu qəzet yazılarının səviyyəsinə və peşəkarlığına görə də bir çox “samizdat”lardan fərqlənir. “İstiqlal” həm də ən uzun ömürlü “samizdat” nəşrlərdən biridir. “Samizdat” kimi beş nömrəsi və vərəqə şəklində bir xüsusi buraxılışı nəşr olunan qəzet sonralar leqal fəaliyyətə keçib və 1998-ci ilə kimi çap edilib.
“İstiqlal” qəzeti AXC Şəki Şəhər Şöbəsinin orqanı olub. Redaktorunun kimliyi haqqında məlumat verilməyib. 1989-cu ildə “Azad və müstəqil Vətən uğrunda!” şüarı ilə çapdan çıxıb. “Qəzetdə Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərlə bağlı materiallara geniş yer verilib. 4-cü sayda AXC Şəki şəhər şöbəsinin İdarə Heyətinin üzvü Hüseyn Mustafabəyli ilə müsahibədə daha çox Şəkinin problemlərinə toxunulub. Sovet respublikalarında başlamış milli-azadlıq mübarizələrini boğmaq üçün törədilən qanlı olaylarla bağlı yazılarda imperiyanın bu siyasəti bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət aktı kimi dəyərləndirilib. Qəzetin saylarından birində Rusiya mətbuatından götürülmüş “Sosializm bazarında azadlığın qiyməti neçəyədir?” adlı məqalə dərc olunub. Məqalədə şovinizm kimi zərərli tendensiyanın əsl mahiyyətinə aydınlıq gətirilib, rus imperiyasının azadlıq istəyən xalqlara qarşı apardığı iqtisadi müharibə kəskin şəkildə tənqid edilib. Qəzetdə dini mövzulara da yer verilib.
“Mənlik” qəzeti Azərbaycan Xalq Demokratik Partiyasının orqanı olub. 1991-ci ildə ilə nəşr edilib. Redaktoru Ə. Yusifoğlu olub. Nəşrdə Azərbaycanda demokratik fikir və onun çağdaş dövrdəki daşıyıcıları haqqında yazılara daha çox önəm verilib. Rusiyada gedən inqilabi proseslər, onun tarixi kökləri və ittifaq respublikalarına təsiri haqqında ekspertlərin fikir və rəyləri də maraq doğuran yazılardır. Dünyada gedən siyasi proseslər və bu proseslərin fonunda Azərbaycanın yeri və gələcək mövqeyi ilə bağlı “Biz və zaman” analitik yazısını qəzetin maraqlı materiallarından hesab etmək olar. Qəzetdə həmçinin Rafiq Turabxanoğlu Az. XDP-nin ideologiyasının əsas qayəsi haqqında fikirlərini oxucularla bölüşüb. Qəzet türk xalqlarının tarixindən səhifələrə də yer verib.
“Meydan” qəzeti AXC Oktyabr (Yasamal) rayon şöbəsinin orqanı olub. 1989-cu ildə, “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq əgər üstündə ölən varsa Vatandır!” şüarı ilə çapdan çıxıb. Qəzetin 1-ci səhifəsində AXC-nin qeydə alınması ilə bağlı Azər.SSR Nazirlər Sovetinin 5 oktyabr 1989-cu il tarixli qərarı, eləcə də AZ. KP MK rəhbərliyi ilə AXC rəhbərlərinin birgə iclasının protokolu, Meydan hərəkatının 1 illiyi ilə əlaqədar böyük bir məqalə verilib. Qəzetdə AXC-nin rəsmi müraciət və sənədləri də dərc olunub. Bundan başqa Dağlıq Qarabağda, Orta Asiya respublikalarında imperiyanın həyata keçirdiyi repressiya siyasəti, orduda baş verən cinayət halları, Cənubi Azərbaycan əsilli hərəkat fəallarından biri Siyaməkin azadlığa buraxılması ilə bağlı yazılar da öz əksini tapıb. Qəzetdə Kamil Vəli böyük ziyalı və dəyərli insan Xudu Məmmədovla bağlı öz xatirələrini oxucularla bölüşüb.
“Qeyrət” qəzeti AXC Balakən şöbəsinin orqanı olub. . 1990-cı ilin mayında çapdan çıxıb. Redaktoru Zeynəddin Həsənli olub. Qəzetin may nömrəsində Ağamalı Sadiq Əfəndinin “Çıxış yolumuz məsuliyyətimizdir” məqaləsi dərc edilib. Qəzetdə həmçinin AXC-nin fəaliyyəti və onun daxilində cərəyan edən proseslər, habelə parlament seçkilərinə hazırlıq məsələlərinə də geniş yer verilib. Qəzetdə siyasi xarakterli karikaturalara da rast gəlmək olur.
“Türk yurdu” qəzeti AMDP-nin Naxçıvan Komitəsinin orqanı olub. 1990-cı ildə “Türkləşmək, müasirləşmək, islamlaşmaq!” şüarı ilə çapdan çıxıb. Redaksiya heyyətinin üzvülərinin hamısı çox güman ki, konspirasiya məqsədi ilə “Turan” təxəllüsü ilə təqdim olunub . Türkçülük ideologiyasını təbliğ edən qəzet daha çox türk xalqlarının ümumi əlifbasının vacibliyi məsələsinə diqqət ayırıb və bununla bağlı bir neçə məqalədə problem müzakirəyə çıxarılıb. Bundan əlavə qəzet səhifəsində şəxsiyyət, millət və cəmiyyət anlayışları və onların bir-biri ilə vəhdəti ilə bağlı maraqlı yazılara da rast gəlmək olur. Qəzetdə həmçinin “Ordan-burdan” rubrikasında ölkədə baş verən son hadisələrlə bağlı məlumatlar dərc edilib. Səhifənin sonu isə xarici xəbərlərə həsr olunub.
“Türkün səsi” qəzeti Türk Mədəni Birliyinin orqanı olub. Redaktorunun kimliyi haqqında məlumat verilməyib. “Türk xalqı, silkələn, özünə dön! Sən özünə dönəndə böyük olursan!” şüarı ilə çapdan çıxıb. 1990-91-ci illərdə nəşr olunduğu ehtimal edilir. Adından da göründüyü kimi qəzetin ideoloji xətti türkçülüklə bağlıdır. Burada türkdilli xalqların tarixi, bu xalqlara qarşı zaman-zaman aparılan repressiyalar, deportasiya siyasəti, habelə türkdilli xalqların soykökü ilə bağlı yazılar öz əksini tapıb. Qəzetdə həmçinin Atatürkün gəncliyə müraciəti, istiqlal şairi Tofiq Fikrətin “Millət Şərqisi”, Turan Qurdun “Türklük Andı” şerləri də dərc olunub. Mətbu orqanda qədim türk xalqlarının istifadə etdiyi əlifbalardan nümunələr də oxucuların diqqətinə çatdırılıb. Qəzetdəki “Qarabağ nə üçün Dağlıq Qarabağ oldu?” yazısında bu sualın cavabına tarixi faktlar əsasında aydınlıq gətirilib. Bundan əlavə “Sovet Rusiyasının Qafqazda yaratdığı İsrail: Ermənistan” adlı bir məqalə də dərc olunub. “Türk kültürü” jurnalından çıxarış olan bu yazı çar Rusiyasının Osmanlı dövlətinə, eləcə də imperiya daxilindəki türkdilli xalqlara qarşı yeritdiyi parçalanma siyasətində erməni faktorundan istifadə etməsi və bu çirkin siyasətin Sovet imperiyası tərəfindən də davam etdirilməsinin tarixinə nəzər salınır.
“Ulu yol” qəzeti AXC Əzizbəyov rayon şöbəsinin orqanı olub. 1990-cı ilin yanvar ayında “Millət” nəşriyyatında “İnsanlara Hürriyyət, Millətlərə İstiqlal!” şüarı ilə çapdan çıxıb. Redaktorunun kimliyi haqqında məlumat verilməyib. Qəzetdə əsasən Azərbaycanda və Sovet İttifaqında baş verən hadisələr haqqında ən son məlumatlar və şərhlər dərc olunub. Qəzetin əldə olan sayında “20 Yanvar” faciəsi və bu faciənin arxasında duran həqiqətlər “Yanvar əməliyyatı” yazısında araşdırılıb. 1-ci səhifədə yer alan bu yazının müəllifi Kərimdir. “Beynəlxalq hüquqda milli məsələ” adlı 2 səhifəlik analitik yazıda dövrün aktual problemləri araşdırılır. Qəzetdə həmçinin vətənpərvərliklə bağlı yazılara yer verilib, kiçik həcmdə felyeton və siyasi xarakterli lətifələr də dərc olunub.
“Ümid” qəzeti Müstəqil Azərbaycan Xəbərlər Mərkəzinin orqanı olub. 1 noyabr 1989-cu ildə Moskvada nəşrə başlayıb. Mərkəzin sədri Teymur İsmayılov olub. Qəzetin buraxılışında Elman Yusifov, İlqar Saleh, Mübariz Əsgərov, Turxan Mahmudov iştirak ediblər. Qəzetdə əsasən Azərbaycandakı ictimai-siyasi durum, xüsusilə Dağlıq Qarabağ və onun ətrafında cərəyan edən proseslər işıqlandırılıb. SSRİ Ali Sovetinin Azərbaycanın ərazi bütövlüyü məsələsinin müzakirə olunduğu iclasından hazırlanan reportajın qəzetdə dərc olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qəzetdə həmçinin Dağlıq Qarabağda Volskinin rəhbərlik etdiyi qondarma qurumun Azərbaycan əleyhinə fəaliyyəti haqqında məqalələr dərc olunub, Dağlıq Qarabağda cərəyan edən proseslərlə bağlı xarici mətbuatda gedən yazılardan nümunələr də maraqla oxunur. Qəzet səhifələrində SSRİ respublikalarından ən son xəbərlər və AXC-nin fəaliyyəti haqqında geniş materiallar ,satirik yazı və karikaturalar da öz əksini tapıb.
“Vatan aşkı” Sovetlər Birliyi, Meshet (Ahıska) Türklərinin “Vatan” kurumunun orqanı olub. “Vatan uğrunda birləşin” şüarı ilə çıxıb. 1990-cı ildə nəşr olunduğu ehtimal edilir. Qəzetdə həm rus, həm də Azərbaycan dilində materiallar dərc olunub. Redaktoru Seyfəddin Bunturk (Məmmədov), redaksiya heyyətinin üzvləri isə Vəli Aslanov, Roza Muradova, Həsən Qaraniyev və Cabbar Faiqov olublar. Qəzetin ideoloji xəttində əsasən Mesheti türklərinin hüquqlarının müdafiəsi dayanıb və bununla bağlı verilən siyasi xarakterli müraciət və bəyanatlara daha çox yer ayrılıb. Gürcüstanda süni surətdə yaradılan milli münaqişələrlə bağlı Gürcüstan xalqına, eləcə də Mesheti türklərinin hüquqlarının müdafiəsi ilə əlaqədar mərkəzi hakimiyyət orqanlarına ünvanlanan müraciətlər, həmçinin “Vətən” cəmiyyətinin fəaliyyət proqramı və Mesheti türklərinin öz tarixi torpaqlarından deportasiya olunmasının tarixi ilə bağlı yazılar dərc olunub.
“Varlıq” qəzeti AXC Naxçıvan Vilayət Şöbəsinin xüsusi buraxılışı olub. “El gücü, sel gücü!” şüarı ilə çapdan çıxıb. 1990-cı ildə nəşr olunduğu ehtimal edilir. Redaktorunun kimliyi haqqında məlumat verilməyib. Qəzetdə ölkədəki ictimai-siyasi proseslərlə yanaşı, Naxçıvanda cərəyan edən hadisələrə də geniş yer ayrılıb. Qəzetin 7- 8-ci saylarında daha cox muxtar vilayətin siyasi, iqtisadi həyatında baş verən hadisələr haqqında məlumatlar dərc olunub. Qəzet həmin dövrdə siyasi məhbusların azadlığa buraxılması, “20 Yanvar” qırğınından sonra dövlətçiliyin atributlarından biri olan milli ordunun yaradılması və digər siyasi tələblərlə bağlı keçirilən aclıq aksiyası və onun respublika səviyyəsində yaratdığı ajiotajı da geniş şəkildə işıqlandırıb. Bundan əlavə Ordubad şəhərində keçirilmiş mitinqin qətnaməsi oxucuların diqqətinə çatdırılıb. Qəzetdə Cənubi Azərbaycandakı hadisələrə də kifayət qədər diqqət yetirilib. “Zəncan təəssüratı” adlı yazıda müəllif Abbassoylu o illərdə İranda baş verən zəlzələdən sonrakı durum və soydaşlarımızın üzləşdiyi problemlərdən yazıb.
“Vətən” qəzeti Azərbaycan Xalq Cəbhəsinin orqanı olub. Qəzet 1990-cı ildən başlayaraq “Vətənə sən yan ki, Vətən yanmasın!” şüarı ilə çapdan çıxıb. Baş redaktoru Çingiz Firudinoğlu olub. Qəzetdə əsasən ölkədəki ictimai-siyasi durumla bağlı iri həcmli yazılara yer verilib. Siyasi proseslərlə yanaşı iqtisadiyyatla, sosial durumla, ölkənin mədəni həyatı ilə bağlı dərc edilən yazılar da diqqəti çəkir. “Bazara aparan yolların ayrıcında” analitik yazısında mərkəzləşdirilmiş iqtisadi planlaşdırmadan azad bazar iqtisadiyyatına keçidin başlıca şərtləri və eyni zamanda çətinlikləri haqqında ətraflı məlumat verilib. Qəzet o zaman üçün aktual olan bir problemə- ölkədəki çörək qıtlığı məsələsinə də toxunub. Dağlıq Qarabağ məsələsi də qəzetin gündəmində duran prioritet məsələlərdən biri olub. Bundan başqa qəzet səhifələrində milli münasibətlərə, mədəni abidələrimizə dair məqalələrə də rast gəlmək olur. Qəzet siyasi xarakterli karikaturalara da yer ayırıb.
Qəzetdə Ç Firudinoğlunun “Nemtsı v Azerbaydjane” məqaləsi xüsusi maraq kəsb edir. Məqalədə almanların Qafqaza, xüsusilə Azərbaycana gəlişinin tarixi, onların azərbaycanlılarla qaynayıb-qarışması, adət-ənənələri, həyat tərzləri və 2-ci Dünya müharibəsi başlayarkən Azərbaycandan deportasiya olunmaları haqqında tarixi faktlar və şahidlərin xatirələri öz əksini tapıb.
“Vətən” qəzeti AXC Gəncə şəhər şöbəsinin orqanı olub. 1989-cu ilin dekabrında “Vətənə sən yan ki, Vətən yanmasın!” şüarı ilə çapdan çıxıb. Redaktoru Ç. Firudinoğlu olub. Qəzetin sonrakı sayları artıq AXC-nin orqanı kimi nəşr edilib ki, bu barədə də yuxarıda məlumat verilib. Qəzetin 1-ci sayında redaktorun oxuculara müraciəti ünvanlanıb. Müraciətdə qəzetin yaranma zərurəti və üzərinə düşən konkret missiya açıqlanır. Qəzetdə daha çox ölkədəki ictimai-siyasi durumla bağlı analitik yazılara yer verilib. Seçkilər, demokratik dəyərlər, eləcə də imperiya daxilində vüsət alan milli-azadlıq hərəkatları ilə bağlı maraqlı yazılar var. Qəzetin ilk sayında “Gəncədə Gəncə adına yalnız Gəncə layiqdir” məqaləsi xüsusi diqqət çəkir. Şəhərin doğma adının qaytarılmasına həsr olunan məqalədə oxucu Gəncənin adının dəyişdirilməsinin tarixi kökləri ilə tanış olmaq imkanı əldə edir. Qəzetdə həmçinin satira guşəsi və karikaturalara da yer verilib.
“Vətən Birliyi” qəzeti Azərbaycan Vətən Birliyi Partiyasının orqanı olub. 1991-ci ildə “Vətən” nəşriyyatında “...Vətənimiz, millətimiz, qeyrətimiz!..” şüarı ilə çapdan çıxıb. Loqotipdə qəzetin və orqanı olduğu təşkilatın adı latın qrafikasında yazılıb. Redaktoru Y. Muğansoy olub. Qəzetdə AVBP-nin siyasi xətti təbliğ olunub. Partiyanın bəyannamə və digər rəsmi müraciətləri, xalq hərəkatında cərəyan edən proseslər, SSRİ-də və dünyada baş verən ən son məlumatlar, eləcə də Dağlıq Qarabağ məsələsi ilə bağlı xəbərlər dərc edilib.
“Yeni Müsavat” qəzeti Azərbaycan Milli Demokrat Partiyasının orqanı olub. 1989-cu ilin dekabrından “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək!” şüarı ilə nəşrə başlayıb. Redaktoru Şenol olub (Rauf Arifoğlu).. Qəzet ictimai-siyasi orqan olsa da, daha çox müsavatçılıq, türkçülük ideyalarının təbliğinə önəm verib. Qəzetdə əsasən ötən əsrin əvvəllərində Azərbaycanda demokratik firqə və dərnəklərin fəaliyyəti, xüsusilə Müsavat Partiyasının yaranması və müstəqillik uğrundakı mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu təşkilatın gizli və mühacirətdəki siyasi və ideoloji fəaliyyəti ilə bağlı geniş tarixi materiallar dərc edilib. Qəzetin sonuncu səhifəsində yer alan “Tarixdən səhifələr” rubrikasında isə ADR-in banisi, böyük öndər M.Ə. Rəsulzadənin həyat və fəaliyyəti, onun publisistik məqalələri, eləcə də müxtəlif toplantılarda etdiyi çıxışlar oxucuların diqqətinə çatdırılıb. Qəzetdə B. Tuncay, Əli Nasir, Araz, N. İbrahimli, Sahil, Ə. Əlisoy imzaları əksəriyyət təşkil edir. Qəzetin əksər saylarında redaktor baş məqalə ilə çıxış edib. Onun məqalələrinin əksəriyyəti Azərbaycan milli- azadlıq hərəkatının ideoloji əsaslarına həsr olunub. Qəzetdə həmçinin AXC-nin fəaliyyəti, təşkilat daxilində cərəyan edən proseslər, Rusiyanın ermənipərəst siyasəti, vahid Azərbaycan ideyası, eləcə də uzun illər saxtalaşdırılmış tarixi həqiqətlər haqqında maraqlı məqalə və yazılara geniş yer verilib. “Yeni Müsavat” qəzeti öz fəaliyyətinə görə “samizdat” mətbu orqanların ən uzun ömürlülərindən biridir. Bundan əlavə nəşrə “samizdat” kimi başlayan yeganə qəzetdir ki, bu gün də öz fəaliyyətini (artıq rəsmi şəkildə) davam etdirir.
“Yol” qəzeti müstəqil mətbu orqan olub. 1990-cı ildə nəşr olunduğu ehtimal edilir. Redaktoru Əhməd Oruc olub, amma bu barədə qəzetdə məlumat verilməyib. Qəzetdə Azərbaycanın dünəni, bu günü və gələcəyi ilə bağlı maraqlı materiallar dərc edilib. Bu baxımdan “Türkel” ləqəbli müəllifin “Xalq Hərəkatı” adlı yazısı diqqəti çəkir. Məqalədə müəllif Azərbaycan milli-azadlıq hərəkatını Rusiyada və dünyada cərəyan edən proseslərin fonunda təhlil edib, buraxılan səhvlər və onun obyektiv və subyektiv səbəblərinə aydınlıq gətirməyə çalışıb. Qəzetdə həmçinin erməni lobbisinin tarixi və onun əsas simaları haqqında dərc edilmiş yazılar da maraq doğurur. E.Yadigarın SSRİ-də prezident üsuli-idarəsi və onun tətbiqinin mürtəce mahiyyəti ilə bağlı yazısı, adından da göründüyü kimi, o dövrün ən aktual mövzularından birinə həsr edilib. Qəzetdə SSRİ respublikalarında baş verən hadisələrin xronikasına da geniş yer ayrılıb.
|
Bu səhifə Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun dəstəyi ilə yaradılıb
|
|