![]() |
Dərgilər |
|
|
|
||
|
|
||
|
“Açıq söz” müstəqil press-bülletendir. Dərc olunduğu tarix göstərilməsə də, 1989-cu ildə (ayını dəqiqləşdirmək çətindir) nəşr olunduğu ehtimal edilir. 3 sayı çapdan çıxıb. Naşiri və redaktorunun adı konkret göstərilməsə də, redaksiya məqaləsindən və ünvanından onun Emin Əhmədov tərəfindən buraxıldığı məlum olur. Bülleten əsasən dövri mətbuatda gedən materiallar əsasında hazırlanıb. Siyasi xarakterli yazılara üstünlük verilsə də, ictimai, ekoloji, eləcə də mədəni həyatda hadisəyə çevrilən xəbərlərə də yer ayrılıb. Bülletendə SSRİ-nin ayrı-ayrı respublikalarında cərəyan edən hadisələrlə bağlı xarici mətbuatda gedən məqalə və reportajlardan seçmələr də dərc olunub. Keçən əsrin əvvəllərində Rusiyada, eləcə də Qafqazda cərəyan edən tarixi hadisələrlə bağlı gerçək faktlar, insan haqları ilə bağlı beynəlxalq hüquqi sənəd və normativlər bülletendə öz əksini tapıb.“Açıq söz” səhifələrində siyasi xarakterli lətifələr də dərc olunub. Muzeydə dərginin 2 sayı var.
“Azad söz” Xalq Azadlıq Partiyasının orqanı olub. 1990-cı ildə, “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı ilə nəşr edilib. Bülletenin redaktoru P. Muradov olub. Dərgidə əsasən XAP-ın siyasi kursu təbliğ olunub və partiyanın bəyanat və sənədləri dərc olunub. Bundan əlavə demokratik və avtoritar cəmiyyətlərin mahiyətinə dair araşdırma və təhlili yazılara, milli münasibətlər, seçki sistemləri barədə maraqlı məqalələrə də geniş yer verilib. Bülletendə həmçinin dövrün aktual məsələləri ilə bağlı müsahibələrə də rast gəlmək olur. Muzeydə dərginin 1 sayı var.
“Azad Fikir” Azərbaycan Xalq Cəbhəsi Azərb. SSR Elmlər Akademiyası Fəlsəfə və hüquq institutu özəyinin orqanı olub. 1989-cu ildə Yunis Oğuzun rəhbərliyi altında çap edilib. Dərgidə AXC daxilində cərəyan edən proseslər, bütün dövrlər üçün aktual olan ziyalı problemi, habelə əski mətbuatda dərc olunmuş və öz aktuallığını saxlayan məqalə və tarixi sənədlər öz əksini tapıb. Bundan əlavə “Azərbaycanın qaynar nöqtələri” rubrikası altında müxtəlif bölgələrdə baş verən hadisələr haqqında qısa, lakonik informasiyalar, oxucu məktubları və elanlara da yer verilib. Muzeydə dərginin 1 sayı var.
Dərgidə əsasən 1988-89-cu illərdə həm Bakıda, həm də əyalətlərdə cərəyan edən ictimai-siyasi proseslər, AXC-nin fəaliyyəti və onun siyasi xarakterli müraciət və bəyanatları, habelə Ermənistandan qaçqın düşmüş soydaşlarımızın problemlərinin dövlət səviyyəsində həlli yolları, Dağlıq Qarabağda cərəyan edən hadisələr, erməni seperatizmi ilə bağlı nəzəri və analitik yazılar öz əksini tapıb. EA Tarix İnstitutunun əməkdaşları Leyla Yunusova, Arif Yunusov və AXC üzvü olan digər ziyalıların məqalə və araşdırmalarına geniş yer verilib. Dərginin rus dilində çıxan 5-ci sayında SSRİ Ali Sovetinin ikinci sessiyasının stenoqramı dərc edilib. Həmin sessiyada ölkədəki durum və millətlərarası münasibətlər əsas müzakirə mövzusu olub. Dərgidə həmçinin vaxtaşırı olaraq o dövr üçün aktual olan karikaturalar da dərc edilib. Muzeydə dərginin 4 sayı var.
“Azərbaycan Demokratik Respublika-sının Milli Müstəqillik uğrunda diplomatik mübarizəsi” kitabçası. Çapdan çıxdığı tarix göstərilməsə də, onun 1989-cu ildə nəşr olunduğu ehtimal edilir. Hansı təşkilat və ya şəxs tərəfindən buraxılması haqqında heç bir məlumat verilmir. Kitabçada Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Ə. Topçubaşov, Əhmədbəy Ağayev, Ceyhun Hacıbəyli və b. Tərəfindən 1919-cu il Paris 1-ci Sülh Konfransı qarşısında qoyulan tələblər öz əksini tapıb. 14 bölmədən ibarət olan “Tələblər”də öncə Qafqaz Azərbaycan respublikası, Azərbaycanın yerli əhalisi, onların keçmiş rus imperiyasına münasibəti, Zaqafqaziya seymi və dövlət-onların zəifləməsi və süqutu, Azərbaycan Respublikasının hökuməti və onun paytaxtı Bakı şəhəri, Azərbaycanlıların bolşeviklərə qarşı mübarizəsi və bolşevik və erməni hücumları, bolşeviklərin Azərbaycandakı qurbanları, Bakını bolşeviklərdən təmizləmək üçün görülən tədbirlər, Azərbaycan hökumətinin bolşeviklərin bərbad hala saldıqları ölkədə qayda-qanunu bərpa etməsi , Azərbaycan parlamenti, Azərbaycan Respublikasının ərazisi, Azərbaycan Respublikası ərazisi və əhalisinin sayı, Azərbaycanın təbii sərvətləri, Azərbaycanın müstəqil siyasi mövcudluq hüququ və Qafqaz respublikaları ilə münasibətləri haqqında məlumat verilib. Son olaraq Azərbaycan Respublikasının Sülh nümayəndəliyi Sülh konfransından Qafqaz Azərbaycanının Rusiya imperiyasından ayrılmasını dəstəkləməyi və müstəqil dövlət kimi tanınmasını xahiş edib.
“Azərbaycan Milli Hərəkatı, 27 aprel işğalı və “Müsavat”. Mirzə Bala Məmmədzadənin bu əsəri ayrıca kitabça kimi çap olunub. Nəşr olunduğu tarixin 1989-cu ilə təsadüf etdiyi ehtimal olunur. Hansı təşkilat və ya şəxs tərəfindən buraxılması haqqında heç bir məlumat verilmir. Dizayn və formatının eyniliyi bu kitabçanin da “Azərbaycan Demokratik Respublikasının Milli Müstəqillik uğrunda diplomatik mübarizəsi” kitabçasınin naşir(lər)i tərəfindən buraxılmasını söyləməyə əsas verir. Əsərdə Müsavat Partiyasının üzvü Mirzə Bala Məmmədzadənin Azərbaycan Demokratik Cümhuriyyətinin süqutu və Müsavat Partiyasının öncə gizli fəaliyyəti, daha sonra isə xaricdə, xüsusilə Türkiyədə apardığı diplomatik-ideoloji mübarizəsi ilə bağlı fikirləri öz əksini tapıb.
“Azərbaycan Xalq Cəbhəsinin (Təşəbbüs Mərkəzinin) Bülleteni”nin ilk sayı 1989-cu ilin may ayında ,“El gücü, sel gücü!” şüarı ilə çapdan çıxıb. Azərbaycanca təxminən 5, rusca 3 sayı işıq üzü görüb. Bu ilk “samizdat” nəşrlərdəndir. O vaxt yeni yaranmağa başlayan Azərbaycan Xalq Cəbhəsinin (əvvəlcə AXC Təşəbbüs Mərkəzinin, sonra isə AXC-nin) orqanı funksiyasını yerinə yetirib. Redaktoru AXC TM-nin üzvü Ağamalı Sadiq Əfəndi olub. Bulletenin buraxılmasında Sabit Bağirov, Mehman Cavadoglu, Səfər Alışarlı, Azər Əbilbəyli də yaxından iştirak ediblər. Azərbaycanca ilk sayının və rusca nömrələrinin materialları əsasən Zərdüşt Əlizadə və Leyla Yunusova tərəfindən hazırlanıb. Bülletendə əsasən AXC TM-nin ölkədəki ictimai-siyasi proseslər, xüsusilə Dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafında cərəyan edən hadisələr ətraflı şəkildə işıqlandırılıb. Bundan əlavə ölkədə baş verən mühüm hadisələrlə bağlı AXC-nin müxtəlif səpgili sənədləri- bəyanatlar, Azərbaycan xalqına və hökumətinə, SSRİ-nin Mərkəzi orqanlarına ünvanladığı müraciətlər və s. dərc olunub. Bülletendə həmçinin AXC-nin təsis edilməsi, təsis konfransının materialları, eləcə də ölkədə baş verən ictimai-siyasi, sosial-iqtisadi hadisələrlə bağlı ən son məlumatlar öz əksini tapıb, siyasi mövzuda karikaturalara yer verilib. AXC TM-nin və daha sonra AXC İdarə Heyətinin rəhbərləri bülletendə ardıcıl olaraq məqalələrlə çıxış ediblər.
“Bakı qırğını” (İttihamnamə). Müəllifi Niyaz Hacıyev olan bu kitabça 1990-cı ildə nəşr edilib. Kitabçada müəllif faktlara, rəsmi sənədlərə istinad edərək 1990-cı il “20 Yanvar” faciəsinə aparan yolu araşdırıb və sonda belə qənaətə gəlib ki, Bakıda törədilmiş bu qırğın Azərbaycan xalqına qarşı qəsdən törədilmiş bir cinayət hadisəsidir.
“Birlik” dərgisi “Birlik” cəmiyyətinin orqanı olub və bülleten şəklində nəşr edilib. 1989-cu ildə “Türkləşmək, İslamlaşmaq və Müasirləşmək!” şüarı ilə çapdan çıxıb. Bülletenin adı üz qabığında kiril, latın və ərəb qrafikasında yazılıb. Bülletendəki materialların əksəriyyəti siyasi xarakterlidir. “Nədən başlamalı?” məqaləsində milli qurtuluş yolu, müsavatçılıq ideologiyasının təməl prinsipləri oxucuların diqqətinə çatdırılıb. Bundan başqa imperiyanın çöküşü ərəfəsində bölgələrimizdəki mövcud sosial-iqtisadi, demoqrafik durumla bağlı materiallara yer verilib. Bülletendə həmçinin Cənubi Azərbaycanda cərəyan edən proseslər, o dövrdə həbs olunmuş Təbrizli soydaşımız Siyəmək Rəhbərinin 25 sentyabr 1989-cu il tarixdə Azərb.SSR Ali Məhkəməsindəki çıxışının tam mətni, milli hərəkatın rəhbərlərindən biri M.F. Hatəmiyə qarşı irəli sürülən dövlət ittihamnaməsindən hissələr, SSRİ də yaşayan müsəlman və qeyri-türk millətlər haqqında məlumatlar öz əksini tapıb.
“Birlik” jurnalı “Birlik” cəmiyyətinin, daha sonra “Birlik” Partiyasının orqanı olub. 1989-cu ildə nəşr edilib “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək!” şüarı ilə əvvəl “Qurtuluş”, sonra isə “Turan” nəşriyyatında çapdan çıxıb. Jurnalın və orqanı olduğu təşkilatın adı üz qabığında kiril, latın və ərəb qrafikasında yazılıb. Mətbu orqan Rauf Şenolun(Rauf Arifoğlu) rəhbərliyi ilə çap olunub. Əli Nasir, Mənsur Əliyev, Bəxtiyar Tuncay, Şakir, Yusif Kazımlı jurnalın daimi əməkdaşları olublar. Jurnal əsasən müsavatçılıq, türkçülük ideyalarının təbliğinə böyük yer verib. Bu baxımdan siyasi irsimizin dəyərli nümunələrindən biri- Ziya Kökalpın “Türkçülüyün əsasları” əsərindən seçmələrin jurnalda dərc edilməsi təqdirəlayiq haldır. Jurnalda analitik yazılar, Dağlıq Qarabağda, Şimali Azərbaycanda cərəyan edən proseslərlə bağlı materiallara da geniş yer verilib. Jurnalda həmçinin Birlik Partiyasının rəsmi sənədləri də dərc olunub.
“Çıraq” jurnalı Müstəqil Azərbaycan Xəbərlər Mərkəzinin orqanı olub. 1989-cu ildə Moskvada nəşr edilib. Sözügedən mərkəzin sədri Teymur İsmayılov, jurnalın Azərbaycan nəşrinin redaktoru isə Elman Yusifov olub. Jurnalda yenidənqurma və aşkarlıq dövründə SSRİ respublikalarında cərəyan edən ictimai-siyasi proseslər və rəsmi mətbu orqanların bu proseslərə yanaşması, Azərbaycanla bağlı həqiqətlər, xalq hərəkatı və bu hərəkatın başında duran AXC-nin fəaliyyəti ilə bağlı materiallar dərc olunub. Bundan başqa dərgidə gizli arxiv materilları və mətbuat tarixindən seçmələrə, eləcə də SSRİ də cərəyan edən proseslər və Dağlıq Qarabağ məsələsi ilə bağlı xarici mətbuatda gedən maraqlı yazılara da yer verilib. Muzeydə dərginin 1 sayı var.
“Çıraq” ictimai-siyasi toplusu “Dayaq” Cəmiyyətinin orqanı olub və 1989-cu ildə Moskvada nəşr edilib. Redaktorunun kimliyi məlum deyil. Topluda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və 1920-ci ildə müstəqil respublikanın bolşeviklər tərəfindən işğalı ilə bağlı tarixi materiallar dərc olunub. SSRİ Ali Sovetin 2-ci sessiyasının stenoqramı oxuculara təqdim edilib. Bundan əlavə SSRİ respublikalarından xəbərlər, Dağlıq Qarabağla bağlı ittifaq çərçivəsində keçirilən tədbir və toplantılar, eləcə də Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatların fəaliyyəti haqqında məlumatlara da geniş yer verilib. Topluda həmçinin siyasi xarakterli karikaturalar da dərc olunub. Muzeydə dərginin 1 sayı var.
Məcmuədə daha çox tarixi həqiqətləri özündə əks etdirən materiallara yer verilib. Azərbaycan Xalq Cümhuriyyətinin nizamnamə və məramnaməsi dərc olunub. Bundan başqa Yunis Oğuz və Ədilə Surxayzadənin birgə yazdıqları 1988-89-cu illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi təhlili verilib. İldırım imzası ilə dərc edilən “Azərbaycandan Azərbaycana gəldim” məqaləsi həm Cənubi, həm də Şimali Azərbaycanda müstəmləkə rejimlərinə qarşı mübarizə aparan və bu mübarizədə dəfələrlə repressiyalara məruz qalan Siyəməkin mübarizə yoluna həsr olunub. Xatırladaq ki, bu yazı “Dönüş”ün xüsusi buraxılışı şəklində təkrar çap olunub. Məcmuədə həmçinin, X. Rzanın “Gündəlikdən səhifələr”i ixtisarla oxucuya təqdim edilib. Muzeydə dərginin 2 sayı var.
“ Əbdürrəhman Vəzirov cənablarına Açıq məktub” 1989-cu ildə “Qurtuluş” nəşriyyatı tərəfindən nəşr olunub. Müəllifi Yaşar Məmmədlidir (Türkazər). Kitabçada xalq hərəkatının ilk dövrü, xüsusilə 1988-ci il noyabrın 17-dən başlayan Meydan hərəkatı, eləcə də bütün bu proseslərin fonunda Cənubi Azərbaycandakı milli-azadlıq hərəkatı geniş şəkildə təhlil edilib.
“Xəbərlər”. Azərbaycan SSR Elmlər Akademiyasının “Elm” nəşriyyatının “Xəbərlər, İzvestiya” jurnalında dərc edilmiş “Rus əsgərinin xatirələri” oçerki ayrıca dərgi şəklində çoxaldılıb, yayılıb. Bu oçerk rus dilindədir. Dərgidə 2-ci Ərzirum Qala Artilleriya polkunun yaranması, 1918-ci il 27 fevral- 12 mart tarixində türk ordusu tərəfindən Ərzurumun alınması dövrü oxuculara təqdim edilib.
Xüsusi Bülleten” dərgisi 1989-cu ildə “Bir dəfə yüksələn bayraq bir daha enməz!” şüarı ilə Y. Oğuz və A. Pünhan tərəfindən nəşr olunub. Dərgidə SSRİ Ali Sovetinin Dağlıq Qarabağla bağlı o dövrdə çıxardığı 3 qərar layihəsinin xronoloji ardıcıllıqla təhlili verilib.
“İstiqlal” AXC-nin M. Ə. Rəsulzadə adına BDU-nun tarix fakultəsindəki tələbə Dayaq Dəstəsinin bülleteni olub. “Mllətlərə İstiqlal, İnsanlara Hürriyyət!” şüarı ilə nəşr olunub. 1989-cu ildə çapdan çıxdığı ehtimal edilir. Bülletenin redaktoru Elman Paşayev olub. Bülletendə AXC-nin 2-ci konfransı haqqında geniş məlumat, eləcə də pantürkizm, imperiyanın şovinist müstəmləkəçi siyasəti ilə bağlı Qələndər Muxtarlı, Elman Paşayev və Cavid Bayramlının yazıları dərc edilib.
“Molla Nəsrəddin” jurnalı 1990-cı ildə nəşr edilib. Mühərriri Firudin Qurbansoy olub. Öz sələfinin yolunu davam etdirən müasir “Molla Nəsrəddin”çilər ölkədə və dünyada baş verən olayları satirik dildə qələmə alaraq tənqid edib, böyük mətləbləri yığcam və lakonik şəkildə oxucuya çatdırıblar. Jurnalda Tahir, Şəfəq imzaları ilə yanaşı “Molla Nəsrəddin”,” Əhmədi Biqəm”, “İmansız” kimi gizli imzalarla yazanlar da olub. “Molla Nəsrəddin”də dövrün dəyərli ziyalılarının jurnala ünvanlanan xeyir-duaları və məsləhətləri, böyük Mirzə Cəlillə virtual söhbət, eləcə də klassiklərin yaradıcılığından və milli mətbuatımızdan nümunələr öz əksini tapıb. “Molla Nəsrəddin”in yorulmaz tədqiqatçılarından olmuş Qulam Məmmədli ilə aparılan “Sözünüz sərt olsun, tikanlı olsun, ancaq həqiqət olsun” başlıqlı müsahibədə klassik “Molla Nəsrəddin”çilərin örnək olası yaradıcılıq yoluna bir daha nəzər salınıb. Jurnalda həmçinin “Qıfılbənd” və “Qəzetlər nədən yazır” rubrikaları da maraqlı səhifələrdən sayıla bilər.
“Müsavat” jurnalı Azərbaycan Milli Demokrat (Yeni Müsavat) Firqəsi Ağdaş Mahal özəyinin orqanı olub. 1990-cu ildə “Qurtuluş” nəşriyyatında “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” şüarı ilə çap olunub. Jurnalın adı üz qabığında kiril, latın və ərəb qrafikasında yazılıb. Dərgidə firqə xəbərləri, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, keçən əsrin əvvəllərində Qafqazda cərəyan edən ictimai-siyasi proseslər haqqında qısa məlumatlar, eləcə də Türkiyənin Qafqaz siyasəti ilə bağlı materiallara geniş yer verilib. Dərgidə B. Vahabzadənin “Gülüstan” poemasından parçalar, eləcə də siyasi yönümlü karikaturalar da dərc olunub.
“Oyanış” “Araz” siyasi-sosial müzakirə klubunun bülleteni olub. 1989-cu ildə Naxçıvanda nəşr olunub. Redaktorunun kimliyi məlum deyil. Bülletendə siyasi xarakterli materiallar əksəriyyət təşkil edir. Bülletenin əldə olan saylarında yenidənqurma siyasəti və gənclərin bu siyasətdə rolu, marksizm ideologiyasında milli məsələlər mövzusunda yazılar oxucuların diqqətinə çatdırılıb. Bülletendə həmçinin Naxçıvanda, ölkənin digər bölgələrində, eləcə də SSRİ respublikalarında, cərəyan edən ictimai-siyasi proseslərlə bağlı xəbərlərə yer verilib. Nəşrdə beynəlxalq hüquqi sənəd və bəyannamələr də dərc edilib.
Qüvvədə olan Sovet-Türkiyə müqavilələri (1921-22-ci illər) Kitabçada sözügedən müqavilə oxucuya orijinal formada, yəni rus dilində təqdim olunub. Ön söz Azərbaycan dilində Fərrux imzası ilə yazılıb. Kitabçada Rusiya ilə Türkiyə arasında 1921-ci il martında imzalanmış müqavilə ilə yanaşı Ermənistan, Azərbaycan və Gürcüstan SSR-lə Türkiyə arasında dostluq haqqında 1921-ci ilin 13 oktyabrında RSFSR in də iştirakı Qarsda imzalanmış müqavilənin, eləcə də Ukrayna və Türkiyə arasında dostluq və qardaşlıq haqqında müqavilənin və 1920-ci il dekabrın 2-də Ermənistanla Türkiyə arasında imzalanmış Aleksandropol müqaviləsinin tam mətni verilib. Ön sözdə adıçəkilən müqavilələr haqqında şərh verən müəllif Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəzi mübahisəli məqamlara aydınlıq gətirilməsi baxımından bu tarixi sənədlərin əhəmiyyətinə xüsusi diqqət yetirib.
“Sonuncu Peyğəmbər”. Mahmud Buzuzunun bu əsəri ayrıca kitabça kimi Azərbaycan dilində çap olunub. Burada Məhəmməd peyğəmbərin həyatı və islam dininin yayılmasında onun və tərəfdarlarının apardığı mübarizə öz əksini tapıb.
“Yurdum” xəbərlər bülleteni Azərbaycan Milli Demokrat Partiyası “Yeni Müsavat”-ın orqanı olub. 1989-cu ildə çap olunduğu ehtimal edilir. Bülletendə AMDP “Yeni Müsavat”-ın müraciət və bəyanatları, eləcə də müşavirə, iclas və konfransların xronikası haqqında məlumatlar öz əksini tapıb. Bülletendə həmçinin cəbhə xəttindən xəbərlər, ermənilərin işğalçılıq siyasəti və daşnak fitnəkarlığı ilə bağlı müəllif araşdırmalarına da yer verilib.
“Soy” məcmuəsi Azərbaycan Dirçəliş Partiyasının orqanı olub. Məcmuə 1989-cu ildə “Dirçəliş” nəşriyyatında nəşr edilib. Üz qabığında məcmuənin adı kiril, latın və ərəb qrafikası ilə yazılıb. Məcmuənin redaktoru Odər Xəzər (Qasımzadə A. Ə.) olub. Məcmuədə Azərbaycanın tarixi, mədəniyyəti, dini-etnik durumu ilə bağlı əsl həqiqətləri özündə əks etdirən elmi-publisistik materiallara geniş yer verilib. “Soy”un əldə olan syında Məhər Açarlının “Tariximizə qəsd edənlərə açıq məktub”, Çigilin “Panislamizm”, eləcə də müəllifi bəlli olmayan, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əhatə edən “Azərbaycan faciəsi” oçerki və M. Ə. Rəsulzadənin “Panturanizm və Qafqaz problemi” əsəri oxuculara təqdim olunub. Muzeydə dərginin 1 sayı var. |
Bu səhifə Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun dəstəyi ilə yaradılıb
|
|