|
Demokratik |
|
Centre for Demokratic
|
|||
|
Az.1 073, Bakı Mətbuat pr. 24. Tel/faks 447-43-75 |
Metbuat av. 24. Az.1 073, Baku Tel/faks 447-43-75 |
||||
|
ARXİV |
|||||
|
İNFORMASIYA BÜLLETENLƏRİ
28. 04. 2005 ¹ 5
İnformasiya
azadlığının məhdudlaşdırılması
Aprelin 28-də Demokratik İslahatlar Mərkəzi “KİV-də təhqir və böhtan jurnalistika və hüquq müstəvisində” layihəsi çərçivəsində” İnformasiya azadlığının məhdudlaşdırılması təhqir və böhtana şərait yaradır” mövzusunda növbəti Dəyirmi Masa keçirib.
Tədbiri giriş sözü ilə açan Mehman Cavadoğlu Demokratik İslahatlar Mərkəzinin Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “KİV-də təhqir və böhtan jurnalistika və hüquq müstəvisində ” layihəsi haqqında məlumat verərək artıq layihə çərçivəsində iki Dəyirmi Masa və iki seminar keçirildiyini bildirib. M.Cavadoğlu hazırki Dəyirmi Masanın mövzusunun da jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılması kimi çox mühüm problemə həsr olunduğunu söyləyib. Bir çox hallarda mətbuatda qeyri-düzgün informasiyaların yer almasına məhz bu məhdudiyyətlərin səbəb olduğunu söyləyən layihə müəllifi daha sonra əlavə edib: “Yəni jurnalistlər hansısa bir mövzunu araşdırarkən informasiya kasadlığı ucundan müəyyən fərziyyələrə əl atmağa məcbur olur. Bu isə bəzən etik normaların tapdanmasına , təhqir və böhtanla bağlı fikirlərin səslənməsinə səbəb olur. Yəqin ki, burda iştirak edən jurnalistlər də öz praktikalarında belə hallarla rastlaşıb”. Dəyirmi Masada Azərbaycanın tanınmış hüquqşünaslarından, həm bu layihədə fəal iştirak edən, həm də jurnalistika sahəsində geniş təcrübəsi olan Vaqif Hacıbəyli geniş məruzə ilə çıxış edib. Məlumat azadlığı olmayan yerdə demokratiya da yoxdur – deyən Vaqif Hacıbəyli bu azadlığı hər bir demokratiyanın üçün başlıca şərti olduğunu vurğulayıb. İnformasiya azadlığının məhdudlaşdırılması təhqir və böhtan şəraiti yaratdığını bildirən Vaqif bəy öz məruzəsində ilk növbədə Azərbaycanda mövcud olan qanunverici aktlara və onların yaratdığı irəli gələn şəraitə toxunub:
“Azərbaycan Respublikasının bir sıra qanunverici aktlarında, o cümlədən Konstitusiyada vətəndaşların informasiya hüquqları öz əksini tapıb. Konstitusiyanın 50-ci maddəsinə görə hər bir şəxsin məlumat axtarmaq, almaq, vermək, yaymaq hüquqları təsbit olunub. Eyni zamanda hər bir vətəndaşın 57-ci maddəyə görə məlumat almaq üçün sorğu vermək və sorğuya müvafiq cavab almaq hüquqları təsbit olunub. Azərbaycanda hazırda 1998-ci ildə qəbul olunan “Məlumat azadlığı haqqında qanun” qüvvədədir. Amma təəssüflər olsun ki, bu qanun da Azərbaycanın Avropa Şurasına daxil olmasından əvvəl qəbul olunan məcburi aktlardan biri idi və burdakı müddəalar sırf deklarativ xarakter daşıyır. Düzdü, qanuna görə hər bir dövlət orqanı məlumat azadlığını təmin etməlidir, istər KİV tərəfindən, istər vətəndaşlar tərəfindən verilən sorğulara vaxtında və operativ cavab verməlidir. Məlumat azadlığı prinsipi pozularsa, faktiki sorğu verən şəxsin, o cümlədən KİV orqanının bu qanun pozuntuları ilə əlaqədar məhkəməyə müraciət etməsi hüququ da qanunda təsbit olunub. Amma təəssüflər olsun ki, həmin müddəalar deklorativ xarakter daşıdığı üçün praktikada tətbiq olunmur. Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda aparılan araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda məlumat azadlığının məhdudlaşdırılması ilə bağlı yalnız bir məhkəmə prosesi olub. Səhv eləmirəmsə, Masallıda hansısa yerli mətbuat orqanı məktəblərə ayrılan dövlət büdcəsindən aylıq ödəmələrlə bağlı təhsil şöbəsinə sorğu verib, sorğuya cavab ala bilmədiyi üçün məhkəməyə müraciət edib. Məhkəmədə məsələ aydınlaşanda isə təhsil şöbəsinin müdiri, ümumiyyətlə, belə bir qanundan xəbərsiz olduğunu bildirib və məlumatı təqdim edib, bununla da verilən iddia aradan qaldırılıb. “Dövlət sirri haqqında qanun” Azərbaycanda 1996-cı ildə qəbul olunub və hazırda qüvvədədir. 2002-ci ildə isə prezidentin “Dövlət sirlərinin qorunması ilə bağlı” fərmanı verilib. Bu fərmana görə hər bir qəzet redaktoru verilən məlumatın nə dərəcədə həqiqətə uyğun olub-olmadığı, yaxud bu məlumatın nə dərəcədə dövlət sirri əhəmiyyəti daşıyıb-daşımadığı haqda komissiyaya müraciət etməlidir. Qeyd edim ki, beynəlxalq təşkilatlar bu fərmanın məlumat azadlığının məhdudlaşdırılmasına yönələn addım kimi qiymətləndirir və aradan qaldırılmasını tələb edirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsində dövlət sirri əhəmiyyəti daşıyan məlumatların yayılmasına görə də cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycanda Kütləvi İnformasiya Vasitələri haqqında son qanun 1999-cu ildə qəbul olunub. Həmin qanunun 8-ci maddəsində məlumat azadlığı prinsipi öz əksini tapıb. Qanunun 10-cu maddəsində də bilavasitə söz azadlığına və məlumat azadlığına qoyulan məhdudiyyətlər öz əksini tapıb. Ümumiyyətlə, indiyə qədər Azərbaycanda söz, mətbuat, sərbəst toplaşmaq azadlığı haqqında qanunlara beynəlxalq praktikaya uyğun hansısa dəyişikliklər edilib. Lakin təəssüflər olsun ki, bəzən qəbul olunan həmin qanunlar müvafiq fundamental insan hüquq və azadlıqlarının təsbit olunmasına deyil, bilavasitə həmin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qanunvericilik yolu ilə tənzimlənməsinə xidmət edib”. Vaqif Hacıbəyli informasiya azadlığı sahəsində mövcud olan beynəlxalq qanunvericiliklər haqqında ətraflı məlumat verərək, Azərbaycanda hazırlanan yeni qanun layihəsi və beynəlxalq təşkilatların bu sahədə tövsiyələrini diqqətə çatdırıb:
“İnformasiya azadlığı hər hansı məlumatın dövlət hakimiyyəti orqanlarının müdaxiləsi olmadan əldə edilməsi və yayılması hüququnu özündə ehtiva edir. Bu hüquq İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsində təsbit edilib. 10-cu maddənin pozulması ilə bağlı bir sıra hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən araşdırılıb və Məhkəmə dövlət hakimiyyəti orqanlarında saxlanılan məlumatların ictimaiyyət tərəfindən əldə olunmasının vacibliyini xüsusi olaraq qeyd edir. Bu zaman Avropa Məhkəməsi hər bir fərdin informasiya almaq hüququnun təmin edilməsini nəzərə alaraq media və ictimaiyyət üçün məlumatların çatdırılması ilə fərdlərin informasiya almaq hüququnu bir-birindən ayırır. Avropa Məhkəməsi bildirir ki, cəmiyyət üçün maraq kəsb edən məsələlər barədə məlumat vermək və bu cür məlumatları almaq hüququ ilə bağlı əhalini məlumatlandırmaq kimi vacib ictimai funksiyanı yerinə yetirdiyinə görə media qurumları söz və məlumat azadlığının daha üstün formasına malikdir. BMT-nin İnsan Hüquqları Haqqında Ümumdünya Bəyannaməsində məlumat azadlığı hüququ təkcə məlumat alınması hüququnu deyil, eyni zamanda məlumatın axtarılması hüququnu da özündə ehtiva edir. Avropa Şurası 1981-ci ildə dövlət orqanlarında saxlanılan məlumatların alınması barədə tövsiyələr qəbul edib. 2002-ci ildə bu qurumun Nazirlər Komitəsi rəsmi sənədlərin alınması barədə yeni tövsiyələr qəbul edib ki, bu tövsiyələrdə aşağıdakılar qeyd olunur: üzv dövlətlər tərəfindən ictimaiyyət üçün digər hüquqların və qanuni maraqların qorunması ilə bağlı rəsmi sənədlərdə toplanmış məlumatların əldə edilməsi istiqamətində bütün mümkün səylər göstərilməlidir; tövsiyədə qeyd olunan prinsiplər ümumi normaları müəyyən edir və onlar rəsmi sənədlərin alınması hüququnu tanıyan daxili qanunlara və qaydalara xələl gətirmədən qəbul edilməlidir;
Azərbaycanda məlumat azadlığı ilə əlaqədar iki qanun layihəsi ictimai müzakirəyə təqdim edilib. Mövcud qanunvericiliyin təkmilləşdirilməsi baxımından hər iki qanun layihəsini irəliyə doğru müəyyən addım kimi qəbul etmək olar. Azərbaycan hökuməti tərəfindən hazırlanan “İnformasiya azadlığı haqqında” qanun layihəsinin 11-ci maddəsində alınması məhdudlaşdırılan informasiyalara dövlət sirri , peşə sirri, kommersiya sirri, istintaq sirri və vətəndaşların şəxsi həyatına dair sirlər aid edilib. Media Hüququ İnstitutu tərəfindən hazırlanan, “İctimai Bilgilərə Çatım” qanun layihəsinin 13 və 14-cü maddələrində qeyd olunan məhdudiyyətlər Avropa Şurasının müvafiq tövsiyələrinə uyğundur və bu məhdudiyyətlər: ölkənin təhlükəsizliyinə, bütünlüyünə, suverenliyinə və müdafiəsinə, xarici siyasətinə, mülki və hərbi kəşfiyyat və əks kəşfiyyat strukturlarının normal işləməsinə; ölkə əhalisinin təhlükəsizliyinə, sağlamlığına, ictimai qaydanın qorunmasına; cinayətin qarşısının alınması və istintaqı, ittihamı, ədalət mühakiməsinin gerçəkləşməsi, cinayət prosesində iştirak edən şəxslərin təhlükəsizliyinə; şəxsi həyatın qanunla qorunan toxunulmazlığına və başqa şəxsi maraqlara; özəl və ictimai kommersiya maraqlarına və başqa legitim iqtisadi maraqlara; tarixi abidələrin, təbii qoruqların və ya qorunan heyvan və bitki növlərinin, onların yerləşdiyi və ya məskunlaşdığı yerlərin qorunmasına; dövlət orqanlarının apardığı yoxlamaların, araşdırmaların və nəzarətin gedişində əldə olunan, açıqlanması bu proseslərin normal gedişinə ziyan vuran; dövlətin iqtisadi, pul-kredit və valyuta siyasətinin aparılmasına; dövlət hakimiyyət orqanında və orqanlar arasında hər hansı məsələnin hazırlanması gedişində aparılan müzakirələrin gizliliyinə ziyan vura bilən; haqsız qazanmaya səbəb ola biləcək bilgilərin yayılmasına aiddir.
Layihədə qeyd olunur ki, məhdudlaşdırma o halda qanuni sayılır ki, bilginin məhdudlaşdırılmasını doğuran ictimai maraq onun açıq olmasına olan ictimai marağı üstələmiş olsun. Qanun layihələrində əsas mübahisə predmeti məxfi sənədlərlə necə rəftar olunması ilə əlaqədardır. Dövlət sirri daşıyan və yaxud digər məxfi sənədlərin qorunması dövlət orqanlarının vəzifəsidir və bu halın məlumat azadlığı hüququ ilə qarışdırılmaması olduqca vacibdir. Dövlət orqanının vəzifəsi bu və ya digər məxfi məlumatın qanunsuz yolla əldə edilməsinin və yayılmasının qarşısını almaqdır. Məlumat azadlığı hüququnun məqsədi məlumatın qanuni yolla açıqlana bilməsini qərara almaq üçün müvafiq qaydaları və proseduru müəyyən etməkdir. Bu səbəbdən birinci halda münasibətlər dövlət sirrinin qorunması ilə bağlı ayrıca qanunla tənzimlənir və bu qanunda müəyyən edilən normalar heç də məlumat azadlığının tənzimlənməsi ilə əlaqəli deyil. Bu mənada sənədlərin yalnız məxfi olmasına görə onların müvafiq qanunun tətbiq dairəsindən kənarlaşdırılması Avropa Şurasının müəyyən etdiyi müvafiq tövsiyələrə uyğun deyil. Bu və ya digər sənədin açıqlanması onun məxfilik dərəcəsi ilə bağlı olmadan onun məzmununa uyğun olaraq məxfiləşdirilməsini nəzərdə tutmaq mümkündür. Müvafiq dövlət orqanına verilən sorğu nəticəsində sənədin məxfiləşdirilməsinin hüquqi cəhətdən qüsursuz olduğu ortaya çıxarsa, yalnız bu halda həmin sənədin yayılmasına məhdudiyyət qoyula bilər. Əks təqdirdə istənilən dövlət orqanı, ictimai və ya siyasi qurumlar qəbul etdikləri sənədlərdə məxfilik statusu verməklə bu sənədlərin ictimaiyyət üçün açıqlanmasını yasaqlaya bilər ki, bu da məlumat azadlığının əhəmiyyətli şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilərdi. Layihələrdə məlumatların təqdim olunması ilə bağlı məsələlər üzrə səlahiyyətli nümayəndə institutunun təsis edilməsi nəzərdə tutulur. Bu olduqca vacib institutdur. Hal-hazırda belə bir səlahiyyətə malik müvafiq orqanın mövcud olmaması jurnalistlərin məlumat almaq hüququnu xeyli dərəcədə məhdudlaşdırır və bu hal həqiqətə uyğun olmayan məlumatların yayılmasında əhəmiyyətli rol oynayır. Rəsmi sənədlərə çatım imkanı əldə olunduğu təqdirdə dövlət hakimiyyəti orqanı, mümkün qədər qısa müddətdə müraciət edən şəxsin istəyini nəzərə almaqla sənədin surətini onun əsli ilə tutuşdurulmasına imkan yaratmalıdır. Bu zaman müvafiq dövlət orqanı tərəfindən sərf edilən faktiki xərclər istisna edilməklə əlavə ödəniş nəzərdə tutulmalıdır. Avropa Şurasının müvafiq tövsiyələrində qeyd olunur ki, üzv dövlətlər rəsmi sənədlərin əldə edilməsi və onlardan istifadə olunması barədə ictimaiyyəti məlumatlandırmalı, müraciət edən tərəfin öz hüququndan istifadə edə bilməsini təmin etməlidir. Hər hansı bir məlumatın təmin olunmasında maraq dövlət idarəetməsinin şəffaflığını və idarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq olarsa və bu, ictimaiyyəti ictimai maraq kəsb edən məsələlərdə iştirak etməyə həvəsləndirərsə, dövlət hakimiyyət orqanı öz təşəbbüsü ilə və müvafiq olan hallarda bu məlumatın ictimaiyyətə açıqlanması üçün zəruri tədbirlər görməlidir.”
Vaqif Hacıbəylinin geniş məruzəsindən sonra Dəyirmi Masa iştirakçıları mövzu ətrafında öz fikirlərini bildirdilər.
Professor Niyazi Mehdi informasiya üzərində monopoliya məsələsinin mövcud olduğunu söylədi. Niyazi bəy belə bir qanunauyğunluğun olduğunu bildirdi: “ o yerdə ki, hakimiyyət dövlətlə özünü eyniləşdirir, yəni “dövlət- mənəm” deyir, orada informasiya azadlığı olmur. O yerdə ki, hakimiyyət dövlətlə özünü eyniləşdirmir, orada informasiya azadlığına çox böyük imkanlar yaranır. Çünki indi hökumətdə olanlar sabahkı hökumətdə olanların qarşısında olan məsuliyyətinə görə məcburdurlar ki, çox şeyi gizlətməsinlər”. Bakıda gündən-günə artmaqda olan tikintilərə toxunan Niyazi bəy qeyd etdi ki, paytaxtın xeyli sayda köhnə binaları sökülüb, yerində təzə hündür binalar tikilib. Hazırda əhali arasında bir çox köhnə binaların da söküləcəyi haqqında söhbətlər yayılır. Bu da təbii ki, əhalinin haqlı narahatlıqlarına, təşvişə düşmələrinə səbəb olur. Cəmiyyətə hansı binaların söküləcəyi, orada mənzillərin hansı firmalar tərəfindən və hansı qiymətlərə alınacağı, yeni mənzillərin hansı qiymətlərə olacağı və s. məsələlərlə bağlı aydın, dəqiq informasiyalar verilməli, KİV-də, elektron informasiya vasitələrində bu informasiyalar yayılmalıdır ki, adamların narahatlıqlarına son qoyulsun.
O “İnformasiya azadlığı haqqında Qanunda” sorğuya əgər operativliyini itirirsə həmin saatlarda, əgər operativliyini itirmirsə 24 saat ərzində cavab verilməsi haqqında konkret tələb nəzərdə tutulduğunu söylədi. Azərbaycanın İnzibati Xətalar Məcəlləsinin 186.1 maddəsi isə belə halda əslində Ramiz Mehdiyevin sorğuya cavab vermədiyinə görə minimum əmək haqqının 40 mislindən 60 mislinə qədər cərimə olunması və sorğunu cavablandırmağa məhdudiyyət qoyduğuna görə həmin maddənin ikinci hissəsi ilə minimum əmək haqqının 60 mislindən 90 mislinə qədər cərimə olunmasını nəzərdə tutur. Lakin bununla bağlı məhkəməyə müraciət etməyəcəklərini deyən Rövşən bəy ölkədə azad məhkəmələrin keçirilmədiyi üçün bu addımın heç nəticəsi olmayacığını bildirdi. Rövşən bəyin son fikrinə münasibətini bildirən Mehman Cavadoğlu isə əksinə mətbuatın belə bir praktikaya başlamasının böyük əhəmiyyəti oal biləcəyini qeyd etdi. Mehman bəy gündən-günə təhqir və böhtanlara görə məhkəmələrə çəkilən jurnalistlərin statistikasının böyüdüyünü, lakin informasiya almaq hüququnun məhdudlaşdırıldığına görə heç kimin məhkəməyə verilmədiyini söylədi: - “Vaqif bəyin məruzəsindən məlum oldu ki, indiyə kimi, informasiya almaq azadlığının məhdudlaşdırılması ilə bağlı cəmi bir dəfə məhkəməyə müraciət olunub. Düzdür, qeyd olunduğu kimi məhkəmənin qeyri-obyektiv qərarları əvvəlcədən bəlli olduğu üçün jurnalistlər məhkəməyə müraciət etməkdə maraqlı deyillər. Amma ən azı, problemə ictimai marağı cəlb etmək naminə bu hallarda məhkəməyə müraciət olunmalıdır. Çünki məhkəmənin gedişi, mövzunun gündəmə gəlməsi və s. proses kimi maraqlı ola bilər və geniş ictimai rezonanslara səbəb olar. Vaqif bəyin misalında bu bir maarif müdiri səviyyəsində baş vermiş presedent Ramiz Mehdiyev səviyyəsində təkrarlansaydı, bu, şübhəsiz, daha böyük ictimai maraq kəsb edəcək, başqa qəzetlərin də aparıcı mövzusuna çevriləcəkdi.”
BDU-nun jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli dövlət sirri məsələsinə toxunaraq qeyd etdi ki, nəyin sirr olub-olmaması jurnalistin öz daxili vicdanından asılıdır: - “Nə dövlət sirri, nə hər hansı şəxsin sirri, ya məmurun təhqir olunması ilə bağlı problemlər aradan qaldırılmalıdır. Məmur ordusu bu missiyanı üzərinə götürübsə, onun bütün cizgiləri göz qabağındadır və o buna görə də cavab verməlidir”.
Media Hüquqları İnstitunun əməkdaşı
Azər Qaraçənli
isə
Azərbaycanda məlumat almaq problemi ilə yanaşı, məlumat vermək
probleminin olduğunu da söylədi. O bildirdi ki: “ Hər hansı bir
dövlət işçisi, ya nazir müavini, komitə sədrinə müraciət etdikdə,
onların özləri də hansı məlumatı verib-verməməyi müəyyən edə
bilmirlər. Bilirlər ki, bu sirr deyil, ancaq rəsmi göstəriş
olmayana qədər onu verməkdən çəkinirlər. Və bu da yəqin ki,
sistemin kökündən irəli gəlir”. Nə “Dövlət sirri haqqında
qanun”da, nə də “İnformasiya azadlığı haqqında qanun”da hansı
“525-ci qəzet”in redaktoru Yaşar Əliyev isə hazırda Azərbaycan mətbuatında bəzi hallarda qeyri-peşəkar, qeyri-dəqiq informasiyaların da yer aldığını söylədi: – “Jurnalistin ixrac etdiyi ən qiymətli məhsulu informasiyadır, ancaq bu məhsulun özü də bəzən elə günə qoyulur ki, onun alıcısı olmur. Biz beləliklə informasiyanın özünü qiymətdən salırıq və məhv edirik. İkinci səbəb isə qəzetdə yazılan hansısa informasiyaya heç bir reaksiya verilməməsi, sonradan həmin informasiyanın təhqiq olunmamasıdır.”
Məlumatın ucuzlanması haqqında məsələyə toxunan Vaqif Hacıbəyli də təəssüf ki, belə məlumatların mətbuatda yer aldığını qeyd etdi. Onun sözlərinə görə bu məlumatların arasında həqiqətə uyğun olmayan, hətta həqiqətdirsə də, məhkəməyə veriləcəyi təqdirdə heç bir halda müdafiə oluna bilməyəcək məlumatlar da az deyil. Burda maraq isə kiminsə şərəf və ləyaqətini alçaltmaq deyil, burda sırf kommersiya maraqları var ki, tez sensasiyalı məlumat yayılsın. Lakin yenə də əsas məsuliyyətin sorğulara cavab verməli olan dövlət orqanlarının və rəsmilərinin üzərində olduğunu deyən Vaqif bəy vaxtilə Heydər Əliyevin səhhəti haqqında yayılan informasiyaları misal göstərdi. 2003-cü ildə Heydər Əliyevin səhhəti ilə bağlı ictimaiyyətə dolğun, hərtərəfli və obyektiv məlumatlar verilmirdi. Dövlət başçısının səhhəti haqqında məlumat dövlət sirri ola bilməz, bu məlumat ictimai maraq kəsb edirdi və ictimaiyyət üçün açıqlanmalı idi. Amma bu məlumatları ictimaiyyət üçün açıqlamağa borğlu olan rəsmi qurumlar öz vəzifələrini yerinə yetirmədiklərinə görə mətbuat orqanları müxtəlif mənbələrə müraciət etmək məcburiyyətində qalırdı. Təbii ki, bu mənbələrin heç də hamısı cözügedən məsələ ilə bağlı dolğun bilgilərə malik deyildi. Ona görə də bəzi mətbuat orqanlarında bu barədə bəzən yanlış məlumatlar, bəzən də ümumiyyətlə, fərziyyələr özünə yer tapırdı. Nəticədə bu mövzuda yanlış informasiyalara görə bir neçə mətbuat orqanı barədə məhkəmə iddiaları qaldırıldı və həmin mətbu orqanlar müxtəlif məbləğlərdə cərimə olundu. Hətta həmin vaxt bəzi səfirliklərin nümayəndələrinin də bu məsələ ilə bağlı onları dərc edən qəzetlərə iradlar bildirməsinin də şahidi oldum. Bu da açıq-aşkar məlumat azadlığının məhdudlaşdırılması nəticəsində yaranan bir vəziyyət idi.”
|
|
||||
|
|||||